Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirilən yaralıların heç birinin həyatı üçün təhlükə yoxdur VİDEO
Bakı, 2 avqust (AZƏRTAC). Son günlər cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişi ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının aparıcı mütəxəssisləri bölgələrə ezam ediliblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə hospitalın təxirəsalınmaz cərrahiyyə bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Zirəddin Abbasov məlumat verib. Z.Abbasov qeyd edib ki, yaralılara müvafiq tibbi yardım göstərilir. İxtisaslaşdırılmış yardıma ehtiyacı olanlar isə müasir tibbi avadanlıqla təmin edilmiş sanitar-aviasiya ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə olunub. Hazırda onların müalicəsi davam etdirilir. Yaralıların heç birinin həyatı üçün təhlükə yoxdur.