REGİONLAR
83 saylı Beyləqan seçki dairəsində məntəqə seçki komissiyalarının 354 üzvü treninqlərə cəlb olunub
Beyləqan, 19 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün təşkil edilən treninqlər Beyləqan rayonunda uğurla davam edir.
83 saylı Beyləqan seçki dairəsi dairə seçki komissiyasının sədri Zakir Vəlişov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, treninqlərdə seçki dairəsi üzrə aşağı seçki komissiyalarının 354 üzvünün iştirakı nəzərdə tutulur. Məşğələlər MSK-nın təşkil etdiyi “Trenerlər üçün treninq” kursunda iştirak etmiş Gülnar Cəfərli və Əbülfət Əliyev tərəfindən aparılır. Beş gün davam edəcək treninqlər gün ərzində iki dəfə olmaqla, hər sessiyada 36 nəfər məntəqə seçki komissiyası üzvünün iştirakı ilə keçirilir.
Treninq zamanı seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə prosesi, səslərin hesablanması, protokolun doldurulması və sair mövzularda təqdimatlar edilir, müzakirələr aparılır və iştirakçıların sualları cavablandırılır.
Hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar da təqdim olunur.