İDMAN
AZƏRTAC-ın “Bakı-2015”-dən bəhs edən videosüjet və fotoları paytaxtdakı monitorlarda nümayiş olunur VİDEO
Bakı, 13 iyun, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunlarının rəsmi media tərəfdaşı olan AZƏRTAC bu möhtəşəm idman tədbirindən bəhs edən videosüjetlərini və fotolarını paytaxtdakı monitorlarda nümayiş etdirməyə başlayıb. Video-foto materiallar Fəvvarələr bağı yaxınlığında və AZƏRTAC-ın binası qarşısındakı monitorlar vasitəsilə yayımlanır.
Videoçarxlarda və fotolarda Avropa Oyunları məşəlinin Azərbaycanın regionlarına səfəri, Prezident İlham Əliyevin və “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın bu tədbirlərdə iştirakı, Oyunların iyunun 12-də keçirilmiş bənzərsiz açılış mərasimi əks olunub.
Mütəmadi olaraq yenilənən videolar və fotoslaydlar hər iki dəqiqədən bir yayımlanır. Avropa Oyunlarının davam edəcəyi 16 gün ərzində AZƏRTAC yarışların ən maraqlı məqamlarını bu monitorlar vasitəsilə paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına təqdim edəcək.