Birinci Avropa Oyunlarında Azərbaycanın ilk qızıl medalı VİDEO
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan idmançıları birinci Avropa Oyunlarında ilk qızıl medalını qazanıb.
Kişilər arasında kumite yarışlarında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Firdovsi Fərzəliyev finalda italiyalı Luka Mareskanı 4:0 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev karateçimizin uğurlu çıxışını izləyib.
Yarışda üçüncü yeri makedoniyalı Emil Pavlov tutub.
Dövlətimizin başçısı medalları ilk üç yerin sahiblərinə təqdim edib.
Beləliklə, Firdovsi Fərzəliyev ilk Avropa Oyunlarının birinci azərbaycanlı çempionu kimi adını ölkəmizin və qitənin idman tarixinə yazdırıb.
O, ötən il Qətərdə keçirilən dünya çempionatında birinci yeri tutub. Gənc idmançı altı yaşından karate ilə məşğul olmağa başlayıb.