İDMAN
Azərbaycanın 9-cu qızıl medalı!
Onu komandamızın hesabına sərbəst güləşçi Toğrul Əsgərov yazdı VİDEO
Bakı, 17 iyun, AZƏRTAC
“London-2012” Olimpiya Oyunlarının qalibi, Avropa və yeniyetmələr arasında dünya çempionu Toğrul Əsgərov qazandığı medalların siyahısına birinci Avropa Oyunlarının qızılını da əlavə edib.
AZƏRTAC xəbər verir ki, Toğrul Əsgərov final görüşünün birinci hissəsində İtaliya təmsilçisi Frank Markez Çamizonun kürəyini yerə vuraraq təmiz qələbə qazanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasını izləyiblər.
Finala gedən yolda Toğrul Əsgərov İlyas Bekbulatov (Rusiya), Mixail Sava (Moldova), Maksim Fiquet (Fransa) və Azamat Nurikau (Belarus) üzərində qələbə qazanıb.
AZƏRTAC-ın arayışı: İyirmi iki yaşlı Toğrul Əsgərov idman karyerasında bir çox parlaq qələbələrə imza atıb. Yarış meydanlarına 15 yaşından çıxmağa başlayan Toğrul 2008-ci ildə Latviyada, bir il sonra Serbiyada təşkil olunan yeniyetmələr arasında Avropa çempionatının qalibi olub. 2010-cu ildə Rusiyadakı mundialda ikinci, Bolqarıstandakı qitə çempionatında birinci yeri tutub. Bir il sonra Rumıniyada keçirilən dünya çempionatında qızıl medala layiq görülüb. 2012-ci ildə Serbiyada keçirilən böyüklər arasında Avropa çempionatında birinci yerə çıxıb. Nəhayət, 2012-ci il London Yay Olimpiya Oyunlarının qızıl medalını qazanan Toğrul Əsgərov hər bir idmançının arzusunda olduğu ən böyük qələbəni əldə edib.
“Neftçi” idman klubunun yetirməsi olan pəhləvanın şəxsi məşqçisi Elçin Zeynalovdur.