Azərbaycan boksçuları Qətər rinqində çıxış edəcəklər VİDEO
Bakı, 6 oktyabr, AZƏRTAC
Bu gün Dohada (Qətər) boks üzrə lisenziyalı dünya çempionatına start veriləcək. Çempionatda gələn il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqələr uğrunda mübarizə gedəcək.
Azərbaycanın 8 idmançısı bu turnirdə iştirak etmək hüququ qazanıb.
AZƏRTAC xəbər verir ki, Qətər rinqinə Rüfət Hüseynov (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Teymur Məmmədov (81 kq) və Əbdülqədir Abdullayev (91 kq) çıxacaq.
Turnirdə 2016-cı il Olimpiya Oyunlarına on çəki dərəcəsində 23 lisenziya uğrunda mübarizə gedəcək: 91 kq və 91 kq-dan artıq çəki dərəcələrinin hərəsində bir lisenziya, 49, 52 və 81 kq çəki dərəcələrinin hərəsində iki lisenziya və 56, 60, 64, 69, 75 kq çəki dərəcələrinin hərəsində üç lisenziya.