REGİONLAR
97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsində maarifləndirici treninqlər davam edir
![](/files/galleryphoto/2024/1/1200x630/17056687852674850848_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1705668785800640962_1200x630.jpg)
Tərtər, 19 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsi dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi üçün treninqlər davam edir.
Dairə Seçki Komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, treninqlər Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi təlim kurslarında iştirak etmiş trenerlər tərəfindən aparılır. Beş gün davam edəcək treninqlər gün ərzində iki dəfə olmaqla, hər sessiyada 36 nəfər məntəqə seçki komissiyası üzvünün iştirakı ilə keçirilir. İştirakçılara slaydların köməyi ilə seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilir.
Aşağı seçki komissiyası üzvlərinə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar da təqdim olunur.
Treninqlər yanvarın 23-də başa çatacaq.
Qeyd edək ki, 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsində fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisi 59 məntəqədə keçiriləcək. Həmin məntəqələrdən ikisi işğaldan azad edilmiş ərazilərdə yerləşir. Dairənin tərkibinə daxil olan 59 seçki məntəqəsi üzrə 52 min 556 seçici qeydə alınıb. Onlardan 1402 nəfəri ilk dəfə seçki hüququndan istifadə edəcək gənclərdir. 80-100 yaş arasında 1047 nəfər, eləcə də yaşı 100-dən yuxarı olan 7 seçici qeydə alınıb.