REGİONLAR
Ahıska türklərinin və azərbaycanlıların yurd-yuvalarından qovulmalarının ildönümü qeyd olunub
Saatlı, 12 noyabr, Mahir Babayev, AZƏRTAC
Saatlının Fətəlikənd kəndində İkinci Dünya müharibəsi dövründə Ahıska türklərinin Gürcüstandan sürgün edilməsinin 74 və azərbaycanlıların Ermənistandan kütləvi şəkildə qovulmasının 70-ci ildönümlərinə həsr olunan mərasim keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanda yaşayan Ahıska türklərinin “Vətən” Cəmiyyəti İctimai Birliyi tərəfindən təşkil olunan mərasimdə Saatlı və ətraf rayonların icra hakimiyyətlərinin rəhbər işçiləri, Azərbaycanın müxtəlif regionlarında yaşayan Ahıska türkləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Mərasimdə bildirilib ki, 1944-cü ildə Stalinin göstərişi ilə on minlərlə Ahıska türkü öz yurd-yuvasından Mərkəzi Asiya və Sibirə sürgün edilib, məşəqqətli və ağır günlər keçiriblər. 1958-1960-cı illərdə onların bir hissəsi Azərbaycana gələrək respublikamızın müxtəlif rayonlarında məskunlaşıb. Qeyd olunub ki, hazırda Ahıska türklərinin ən sıx yaşadığı rayonlardan biri Saatlıdır. Bu rayonda 17 mindən çox ahıska türkü məskunlaşıb. Burada onlar üçün bütün zəruri şərait yaradılıb, yaşadığı kəndlər qazlaşdırılıb, yollar abadlaşdırılıb və hər bir ailə pay torpağı ilə təmin olunub.
Tədbirdə çıxış edən Ahıska türklərinin nümayəndələri Azərbaycanda onlara göstərilən qardaşlıq qayğısında razılıqla danışıblar.
Vurğulanıb ki, o dövrdə minlərlə azərbaycanlı da ahıskalı qardaşları kimi sovet imperiyasının deportasiya siyasətinə məruz qalıb, Ermənistandakı qədim dədə-baba yurdlarından sürgün ediliblər.
Mərasim başa çatdıqdan sonra sürgünlük dövründə məşəqqətlərə dözməyərək həlak olmuş türklərin ruhuna dualar oxunub, ehsan verilib.