REGİONLAR
Astarada “Şəhidlər bulağı” istifadəyə verilib
Astara, 10 yanvar, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunun Təngərüd kəndində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Birinci Qarabağ müharibəsinin şəhidi Əhmədov Mahir Xaliq oğlunun və 44 günlük Vətən müharibəsinin şəhidi Fərəməzov Nurlan Əhliman oğlunun adlarını əbədiləşdirmək üçün inşa edilmiş “Şəhidlər bulağı” abidə kompleksinin açılış mərasimi keçirilib.
Tədbirdə Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Turan Həsənzadə, Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kubra Səmədova, Təngərüd kənd tam orta məktəbinin direktoru Xəqani Mahmudov, şəhidlərin ailə üzləri, kənd ziyalıları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə çıxış edənlər Birinci Qarabağ və Vətən müharibələrində Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən astaralı döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.
Şəhid Nurlan Fərəməzovun atası Əhliman Fərəməzov, şəhid Mahir Əhmədovun oğlu Vaqif Əhmədov, Vətən müharibəsinin qazisi Möhnət Səmədov ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Mərasimdə məktəblilər hərbi-vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
Mərasim iştirakçıları Təngərüd kəndindəki “Baba Cəbrayıl” ziyarətgahında hər iki şəhidin məzarı önünə gül dəstələri düzərək xatirələrini ehtiramla yad edib, onların ruhuna dualar oxuyublar.