MƏDƏNİYYƏT
Azərbaycan Kinematoqrafçılar İttifaqında yeni filmlərə baxış olmuşdur
Bakı, 27 yanvar (AZƏRTAC). Yanvarın 27-də Azərbaycan Kinematoqrafçılar İttifaqında yeni filmlərə baxış keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Əməkdar Mədəniyyət İşçisi Əsəd Əsədov iştirakçılara tədbir haqqında məlumat vermişdir. Bildirilmişdir ki, ilk baxış animasiya filmlərinə həsr olunmuşdur. Son illər Azərbaycan dövləti hər il bir neçə animasiya filminin istehsalını sifariş verir. Gələcəkdə bədii filmlərə də baxışların keçirilməsi planlaşdırılır.
Əməkdar Mədəniyyət İşçisi, “Azanfilm” animasiya studiyasının direktoru və bədii rəhbəri Elçin Hami Axundov qeyd etmişdir ki, nümayiş olunacaq animasiya filmləri əvvəllər göstərilmədiyindən bunları həm də həmin ekran əsərlərinin təqdimatı da hesab etmək olar.
Ölkəmizdə animasiya filmlərinin çəkiliş tarixinə nəzər salan Elçin Hami Axundov bu sahədə üç mərhələnin olduğunu qeyd etmişdir. Birinci mərhələ keçən əsrin 30-cu illərini əhatə edir ki, o dövrdə “Çat”, “Əhmədin bəlası” filmləri çəkilmişdir. Sonra filmlərin çəkilişi müvəqqəti olaraq dayandırılmışdır. İkinci mərhələ 60-80-ci illəri əhatə edir. Nəzərə çatdırılmışdır ki, 1966-cı ildə “Azərbaycanfilm” kinostudiyasının mərhum direktoru Adil İsgəndərovun təşəbbüsü ilə ikiillik animasiya-rəssamlıq kursları açılmışdır. Bu kursları tamamlamanın ilk nəticəsi olaraq 1968-ci ildə “Cırtdan” filmi istehsal edilmişdir. 90-cı illərdən indiyədək isə kompyuter texnologiyası vasitəsilə animasiya filmləri çəkilir.
Nümayiş olunmuş filmlərdən biri 1981-ci ildə çəkilmiş “Cırtdan - “pəhləvan””dır. Filmin rejissoru Bəhmən Əliyev, ssenari müəllifi Tofiq Ağayev, rəssamı Elçin Hami Axundov, bəstəkarı Rauf Əliyevdir.
Tədbirdə, həmçinin Əməkdar İncəsənət Xadimi Firəngiz Qurbanovanın “Birlik” studiyasında çəkilmiş animasiya filmlərinə və “Azanfilm” studiyasının istehsalı olan “Qızıl” (ssenari müəllifi Yusif Şeyxov, rəssam və quruluşçu rejissor Elçin Hami Axundov), “Cəsur təyyarə” (ssenari müəllifi Gülşən Tofiqqızı, rejissoru Aleksandra Şirinova, rəssamı Gülçin Özər), “Siçan və pişik” (ssenari müəllifi Sara Nəzirova, rejissoru Rauf Dadaşov, rəssamı İnna Kostina), “Tırtılın arzusu” (ssenari müəllifi Gülşən Tofiqqızı, rejissor Firəngiz Quliyeva, quruluşçu rəssamı Elçin Hami Axundov), “İt sərgisi” (ssenari müəllifi Yusif Şeyxov, rejissor və rəssam Arif Məhərrəmov) animasiya filmlərinə baxış keçirilmişdir.