MƏDƏNİYYƏT


Azərbaycan Xalça Muzeyinə yeni direktor təyin olunub

Bakı, 2 mart, AZƏRTAC

Şirin Məlikova Azərbaycan Xalça Muzeyinin direktoru təyin olunub.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, martın 2-də yeni direktor muzeyin kollektivinə təqdim edilib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə mədəniyyətinin daha geniş şəkildə tanıdılması və təbliği üçün muzeylərin yeni dünya standartları səviyyəsində qurulması istiqamətində görülən işlərdən danışıb. Bildirdi ki, ölkəmizin ən böyük muzeylərindən biri olan Xalça Muzeyi də Azərbaycan xalqının min illərdən bəri yaratdığı toxuculuq sənətinin qorunub inkişaf etdirilməsində önəmli yer tutur və daim Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub.

Ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayiş edilməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən muzey üçün xüsusi binanın tikildiyini vurğulayan nazir qeyd edib ki, bu binanın ərsəyə gəlməsində, həmçinin Azərbaycan xalçalarının dünyada tanıdılması işində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi əməyi var.

Ə.Qarayev qeyd edib ki, müasir üslubda inşa olunan muzeyin fəaliyyəti dünyanın ən qabaqcıl muzeyləri səviyyəsində qurulmalıdır. O deyib: “Bu gün Xalça Muzeyi ilə Luvr, Viktoriya və Albert muzeyləri arasında geniş əməkdaşlıq əlaqəsi var. Bu o deməkdir ki, müasir, yaradıcı düşüncənin inkişaf etdirilməsi üçün yeni üfüqlər açılır. Bu mənada muzeyin işçilərinin üzərinə böyük məsuliyyət düşür. Buna görə də işimizi dünyanın ən məşhur muzeylərinin səviyyəsində qurmaq istiqamətində fəaliyyətimizi genişləndirməliyik”.

Daha sonra nazir muzeyə yeni təyin olunmuş direktor Şirin Məlikovanı kollektivə təqdim edib.

Qeyd edək ki, Şirin Məlikova Bakı şəhərində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsini bitirib. 1999-2001-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə magistr təhsili alıb. Həmçinin Mədəniyyət və İncəsənət Universitetində və Dövlət Rəssamlıq Akademiyasında müəllim işləyib. 2009-cu ildə “Qız qalası” Qalereyasında sənətşünas və layihə meneceri, 2011-ci ildən Heydər Əliyev Fondunda incəsənət üzrə ekspert vəzifəsində çalışıb. Eyni zamanda Heydər Əliyev Mərkəzində və xarici ölkələrdə keçirilən sərgi, festival və digər mədəniyyət tədbirlərinə təşkilatçılıq edib. Azərbaycan rəssamlarına həsr olunmuş 10 kitabın və 40-a yaxın elmi məqalənin müəllifidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.