Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun xatirəsi anılıb
Bakı, 30 sentyabr, AZƏRTAC
Sentyabrın 30-da Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun adını daşıyan 23 nömrəli tam orta məktəbdə onun əziz xatirəsini anma mərasimi keçirilib.
Tədbirdə məktəbin direktoru Yuliya Kərimova və çıxış edən müəllimlər bu təhsil müəssisəsinin məzunu, Milli Qəhrəman Tahir Həsənovun şərəfli həyat və döyüş yolundan, doğma Vətən, torpaq naminə göstərdiyi fədakarlıqlardan danışıblar.
Bildirilib ki, T.Həsənov 1987-ci ildə 23 nömrəli tam orta məktəbi bitirib və Bakı Dövlət Universitetinə qəbul olunub. O, universitetdə ikinci kursda oxuyanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar könüllü olaraq cəbhəyə gedib və doğma Vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib, Ağdərə, Başkənd, Meşəli, Çıldıran əməliyyatlarında xüsusi igidlik və fədakarlıq nümunəsi göstərib.
Erməni quldurlarına qarşı döyüşlərdə mərdliklə vuruşan T.Həsənov 1992-ci ildə qəhrəmancasına həlak olub və şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 19 oktyabr tarixli Fərmanı ilə Tahir Həsənov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına (ölümündən sonra) layiq görülüb.
Milli Qəhrəman Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
T.Həsənovun döyüş dostları qəhrəmanla bağlı xatirələrini bölüşüblər.
Sonra ədəbi-bədii kompozisiya nümayiş etdirilib.