SİYASƏT


Bakıda Misirin milli bayramı qeyd edilib

Bakı, 13 iyul, AZƏRTAC

İyulun 13-də Misirin Azərbaycandakı səfirliyi ölkənin milli bayramı - İyul İnqilabının 66-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Misirin dövlət himnləri səsləndirilib.

Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim inqilabdan ötən illərdə ölkəsinin keçdiyi inkişaf yolundan danışıb.

Sonra səfir Misir ilə Azərbaycan arasındakı əlaqələrdən söhbət açıb. Bildirib ki, ölkələrimiz arasında tarixən səmimi əlaqələr mövcud olub. Misir Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Hər iki ölkə iqtisadi inkişafa və sosial tərəqqiyə nail olmaq istiqamətində bir-birinin səylərini dəstəkləyir. Səfir Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı istiqamətində əldə edilmiş nailiyyətləri xüsusi qeyd edib. Diplomat Azərbaycanda müxtəlif dinlərin və təriqətlərin birgə sülh şəraitində yaşamasının təqdirəlayiq olduğunu vurğulayıb.

Rəsmi qəbulda çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova Misir xalqını və dövlətini əlamətdar bayram münasibətilə təbrik edib. Milli Məclisin sədr müavini Misirin beynəlxalq müstəvidə layiqli yerinin olduğunu bildirib.

İkitərəfli əlaqələrdən danışan Bahar Muradova Azərbaycan-Misir münasibətlərinin qarşılıqlı hörmətə əsaslandığını söyləyib. O, səfirliklərimizin ikitərəfli istiqamətdə gördüyü işlərin təqdirəlayiq olduğunu deyib.

Bahar Muradova Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ildə Misirə səfərinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün mühüm rol oynadığını bildirib. O əlavə edib ki, iki ölkə arasında iqtisadiyyat, energetika, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün potensial imkanlar mövcuddur. Azərbaycanın Misirlə iqtisadi və ticarət əlaqələrinin daha da gücləndirilməsinə xüsusi önəm verdiyini deyən parlamentin sədr müavini inandığını bildirib ki, bu əməkdaşlıq gələcəkdə daha da dərinləşəcək.

Tədbirdə rəsmi şəxslər, deputatlar, diplomatik korpusun nümayəndələri, media təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.