SİYASƏT
Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammitinin açılış mərasimi keçirilib VİDEO







Bakı, 25 iyul, AZƏRTAC
İyulun 25-də Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammitinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin hazırkı sədri Orduxan Qəhrəmanzadənin moderatorluğu ilə keçirilən Sammitdə bu təşkilata üzv olan 60-dan çox ölkənin gənc nümayəndələri iştirak ediblər.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sammit iştirakçılarına ünvanlanmış müraciətini səsləndirib.
Sammitdə, həmçinin Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin videohesabatı nümayiş etdirilib.
Tədbirdə BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahidin Qoşulmama Hərəkatının Gənclər Sammitinin iştirakçılarına ünvanlandığı videomüraciəti təqdim olunub. Abdulla Şahid bildirilib ki, Qoşulmama Hərəkatının Gənclər Sammitinin təşkilində və gənclərlə bağlı məsələlərin həllində Azərbaycan hökumətinin fəaliyyəti təqdirəlayiqdir. O, postpandemiya dövründə dünyanın bərpasında gənclərin fəal iştirakının təmin edilməsinin əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, hər bir aktual mövzunun müzakirəsində, qərarvermə prosesində gənclərin iştirakı lazımdır və labüddür.
BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti, həmçinin bildirib ki, BMT və onun institutlarında inklüzivlik və fərqlilik indi daha vacib olub. Qoşulmama Hərəkatı dünyanın müxtəlif nöqtələrindən olan gənclər üçün mədəni mübadilə istiqamətində platforma təklif edir və bu, çox vacibdir.
Abdulla Şahid sonda gənclərə səmərəli müzakirələr və fikir mübadiləsi arzulayıb.
Sammit müddətində iştirakçılar ötən ilin noyabrında təsis edilmiş Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin beynəlxalq təşkilata çevrilməsi məsələsini müzakirə edəcək və bu xüsusda müvafiq razılıq əldə olunarsa, Şuşa şəhərində Şəbəkənin Təşkilata çevrilməsi, eləcə də yaranacaq Təşkilatın loqosunun və bayrağının təsdiqlənməsi barədə qərar qəbul edilməsi gözlənilir.
Tədbir müzakirələrlə davam etdirilib.