MƏDƏNİYYƏT
Bakıda Rus Evi “Saşka. Əsgərin gündəliyi” filminin onlayn nümayişini keçirir
Bakı, 21 yanvar, AZƏRTAC
Bakıda Rus Evi Prezidentin Mədəni Təşəbbüslər Fondunun dəstəyi ilə “Qısametrajlı kino günü – 2021” Ümumrusiya aksiyası çərçivəsində və Leninqradın faşist blokadasından tamamilə azad olunması günü ilə əlaqədar “Saşka. Əsgərin gündəliyi” filminin onlayn nümayişini keçirir.
AZƏRTAC Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətinə istinadla xəbər verir ki, tanınmış aktyor, “Qızıl Qartal” mükafatı laureatı Kiril Zaytsevin debüt rejissor layihəsi olan “Saşka. Əsgərin gündəliyi” qısametrajlı hərbi dramı cəbhəçi yazıçı Vyaçeslav Kondratyevin “Saşka” povestinin motivləri əsasında çəkilib. Filmdə Böyük Vətən müharibəsi veteranının öz cəbhə gündəliyini tapmasından və müharibənin qızğın çağında onun başına gələn hadisə ilə bağlı hissləri sanki yenidən yaşamasından söhbət açılır. O vaxt hələ yeniyetmə olan Saşka od-alovun, qan-tərin, palçığın içində alman həmyaşıdını əsir götürür. Düşmən ölümə hazırlaşır, lakin gənc əsgər ona söz verir ki, ruslar əsirləri güllələmirlər. Sonradan qərargahda, döyüş rəfiqəsinin ölümündən kədərlənən batalyon komandiri əsirin güllələnməsini əmr edir. Saşka öz həyatında ən vacib seçim qarşısında qalır.
Filmin nümayişi 2022-ci il yanvarın 21-dən 25-dək keçiriləcək.
Filmi izləmək üçün aşağıdakı linkə daxil olmaq və parolu yazmaq lazımdır:
vimeo.com/553629120
parol: Sashka1941