REGİONLAR


Beyləqanın Sarısu kəndində fermerlərin suvarmada qarşılaşdıqları çətinliklər aradan qaldırılıb VİDEO

Beyləqan, 13 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə dövlət başçısı rayonlarda su ilə bağlı yaranmış mövcud problemə xüsusi diqqət çəkib və məsələnin həlli üçün tapşırıqlar verib. Bundan sonra Beyləqan rayonunun Sarısu kəndindəki fermerlərin su problemləri həll olunub, suvarma ilə bağlı yaranmış çətinliklər aradan qaldırılıb.

Kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Fərhad Qasımov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yerli əhali suvarma suyu kimi “Qarabağ” kanalından istifadə edir. “Qarabağ” kanalı ilə Sarısu kəndi arasında məsafə yeddi kilometrdir. Su torpaq kanalı ilə axdığı üçün bir qismi itkiyə gedir. Digər tərəfdən bu il havaların quraq keçməsi də bu problemi aktuallaşdırıb. Kənd sakinləri əkin sahələrinin, o cümlədən pambığın suvarılmasında çətinliklərlə qarşılaşırdı. Hazırda növbəli suvarma sistemi yaradılıb, sahələrin suvarılması təmin olunub.

Dörd hektar sahədə pambıq becərən kənd sakini Şahin Quliyev su probleminin tez bir zamanda həll olunmasından razılığını bildirib: "Pambığın becərilməsində, məhsuldarlığın əldə olunmasında suvarmanın böyük rolu var. Problemimiz yalnız su ilə bağlı idi. Bununla bağlı Prezidentə müraciət etmişdik. Sağ olsun, kənd əhalisinin xahişi nəzərə alındı və problem tezliklə həll olundu”.

Xocavənd rayonundan məcburi köçkün, hazırda Sarısu kəndində yaşayan Vaqif Əliyev isə deyib: "Təsərrüfatımızı suvara bilmirdik. Sağ olsun dövlətimizin başçısı, problemimizin qısa vaxtda həlli ilə bağlı tapşırıqlar verdi, problemimiz öz həllini tapdı. Hazırda təsərrüfatım suvarılıb, heç bir problem yoxdur".

Qeyd edək ki, Beyləqan rayonunun 50 min 497 hektar əkin sahəsi “Xan qızı” kanalı vasitəsilə Araz çayının, “Qarabağ” kanalı vasitəsilə Kür çayının suyundan istifadə edilərək suvarılır. Əkinlərin suvarma suyu ilə təminatı 1297,03 kilometr açıq suvarma kanalı, 1,58 kilometr qapalı borulu su kəməri, 132,2 kilometr beton üzlüklü, 148,9 kilometr nov kanal, 1650 ədəd hidrotexniki qurğu, 618 ədəd körpü və keçid vasitəsilə həyata keçirilir. Bundan başqa əkinlərin suvarılmasında subartezian quyularından da istifadə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.