CƏMİYYƏT


COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi Azərbaycana gəlib

Bakı, 13 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq, yeni növ koronavirusla mübarizə sahəsində çalışan daha bir qrup xarici mütəxəssis Azərbaycandadır.

AZƏRTAC xəbər verir ki, COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi iyulun 13-də Azərbaycana gəlib. Kubalı mütəxəssislər COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində ölkəmizə gəliblər.

Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo jurnalistlərə müsahibəsində Azərbaycan və Kuba arasındakı münasibətlərin inkişafını qeyd edib. O bildirib ki, indiki zamanda Kuba özünə doğma hesab etdiyi Azərbaycana dəstəyini əsirgəmir. Bu səbəbdən Kubadan Azərbaycana böyük tibb personalı gəlib. Bu addım, eyni zamanda, həmrəyliyin göstəricisidir.

Kubadan gələn həkim briqadasının rəhbəri Deysi Torres Avela vurğulayıb ki, briqada pandemiyaya qarşı mübarizədə Kubanın təcrübəsini bölüşəcək. O, həmçinin əlavə edib ki, Azərbaycana reallaşan bu səfər humanizmin göstəricisidir. Vurğulayıb ki, kubalı tibb işçiləri azərbaycanlı həmkarları ilə birgə COVID-19-a qarşı birgə mübarizə aparacaqlar.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın dəvəti ilə Kuba Respublikasının tibb işçilərindən ibarət böyük heyət Azərbaycanda pandemiyaya qarşı tədbirlərə cəlb olunublar. Bu heyət 3 ay müddətində Azərbaycanda olacaq.

Qeyd edək ki, ümumilikdə, Kubanın tibb mütəxəssisləri dünyanın 20-dən çox ölkəsində pandemiya ilə mübarizəyə dəstək göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.