REGİONLAR


Cəlil Məmmədquluzadə əsərləri ilə Azərbaycan ədəbiyyatını təkcə məzmunca deyil, formaca da zənginləşdirib

Astara, 13 may, Bağır Əliyev, AZƏRTAC

"Molla Nəsrəddin" jurnalı Cəlil Məmmədquluzadənin XX əsrin əvvəllərində Azərbaycan ədəbi-estetik fikrində yaratdığı ən möhtəşəm abidə idi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Astara Rayon Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş tədbirdə səsləndirilib.

Astara Rayon Dövlət Rəsm Qalereyasının, Heydər Əliyev Mərkəzinin, rayonun Mərkəzi Kitabxanasının, Mədəniyyət Mərkəzinin, Gənclər və İdman İdarəsinin əməkdaşlarının qatıldıqları yubiley tədbirində çıxış edən Lənkəran Regional Mədəniyyət İdarəsinin Astara rayonu üzrə baş məsləhətçisi Şadoğlan Bayramov bildirib ki, XX əsrin əvvəllərində Azərbaycan ədəbi-ictimai fikrini ideya-estetik cəhətdən yeni inkişaf yoluna çıxarılmasında məşhur mollanəsrəddinçilər satirik publisistika məktəbinin banisi Cəlil Məmmədquluzadənin müstəsna rolu vardır. "Molla Nəsrəddin" jurnalı C.Məmmədquluzadənin XX əsrin əvvəllərində Azərbaycan ədəbi-estetik fikrində yaratdığı ən möhtəşəm abidə idi.

Tədbirdə Astara Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülzar İsmayılovanın Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı barədə məruzəsi dinlənilib.

Məruzədə qeyd olunub ki, böyük ədibin həyat yolu kimi, yaradıcılığı da mürəkkəb və çoxcəhətli olub. O, bir müddət ədəbiyyatla bərabər, teatr və mətbuata da meyil göstərib, Naxçıvanda və İrəvanda inzibati işlərdə çalışıb. Böyük ədibin ilk mətbu əsəri 1902-ci il martın 2-də Bakıdakı “Kaspi” qəzetində çıxmış məqaləsidir. Milli şüurun oyanışında, milli ruhun formalaşmasında Cəlil Məmmədquluzadə və onun “Molla Nəsrəddin” jurnalı əvəzsiz məktəb rolu oynayıb.

Digər çıxış edənlər Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatındakı rolundan danışaraq qeyd ediblər ki, onun nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalı Yaxın və Orta Şərqdə, xüsusilə İranda və Türkiyədə ədəbi-ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına müsbət təsir göstərib.

Sonra Kakalos Kənd Folklor Evinin nəzdində fəaliyyət göstərən Xalq teatrının həvəskar aktyorlarının ifasında ədibin “Ölülər” pyesindən parça nümayiş etdirilib.

Tədbir çərçivəsində iştirakçılar Cəlil Məmmədquluzadənin əsərlərinin və “Molla Nəsrəddin” jurnalında nəşr olunmuş karikaturaların fotosərgisi ilə də tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.