DÜNYA


Daha iki Çin şirkəti “Boeing”dən təzminat tələb edib

Bakı, 22 may, AZƏRTAC

Çinin “Air China” aviakompaniyası 737 MAX təyyarələrinin uçuşlarının dayandırılması ilə əlaqədar “Boeing” korporasiyasından təzminat tələb edib.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, “Air China” kompaniyası, həmçinin əvvəlcə sifariş olunan laynerlərin çatdırılmasının mümkün olmaması səbəbindən itkilərin ödənilməsini istəyib. Çinin “China Southern Airlines” aviadaşıyıcısı da eyni səbəblərdən “Boeing” korporasiyasının təzminat ödəməsi tələbini irəli sürüb.

“China Southern Airlines” aviakompaniyası “Boeing” korporasiyasından təzminat tələb edən üçüncü Çin şirkətidir. Bundan öncə mayın 21-də “China Eastern Airlines” kompaniyası da 14 ədəd 737 MAX təyyarəsinin uçuşunun dayandırılması və əvvəl sifariş olunan laynerlərin çatdırılmasının mümkün olmaması səbəbindən itkilərin ödənilməsini istəmişdi.

Xatırladaq ki, “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX 8” təyyarəsi martın 10-da Efiopiya paytaxtından 60 kilometr şərqdə qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. Bu, beş ay ərzində həmin model təyyarənin iştirakı ilə baş verən ikinci aviasiya qəzası idi. 2018-ci il oktyabrın 29-da İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi.

Efiopiyada baş verən qəzadan sonra bir çox ölkə, o cümlədən ABŞ və Avropa İttifaqı dövlətləri təhlükəsizlik səbəbindən “Boeing 737 MAX” təyyarələrinin istifadəsindən imtina edib və bu laynerlər üçün öz hava məkanlarını bağlayıb. “Boeing” kompaniyasının rəhbəri Dennis Melenberq hər iki təyyarədə MCAS (Maneuvering Characteristics Augmentation System) sisteminin işində nasazlıq olduğunu etiraf edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.