MƏDƏNİYYƏT
Elbay Qasımzadəyə həsr olunmuş “Memar” sənədli filminin təqdimatı olub
Bakı, 26 dekabr, Xaruqə Məmmədova, AZƏRTAC
Dekabrın 26-da Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar memar, Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadənin 70 illik yubileyi münasibətilə ekranlaşdırılmış “Memar” sənədli filminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, gecədə dövlət və hökumət üzvləri, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək Əməkdar memar Elbay Qasımzadənin görkəmli ictimai xadim olduğunu, memarlıq sənətinə böyük töhfələr verdiyini bildirib. Qeyd edib ki, onun layihələndirdiyi memarlıq nümunələri Bakımızın gözəlləşməsinə, onun yeni rakursda inkişafına böyük təkan verib.
Nazir deyib: “Həm memar kimi, həm də ictimai xadim kimi, hansı sahədə çalışmasından asılı olmayaq o, bacarığını həmişə göstərib. Ulu öndər Heydər Əliyevin fəaliyyəti dövründə dövlət əhəmiyyətli bir çox layihələrin memarı olub. Dövlətimizin başçısı da onun əməyini yüksək qiymətləndirərək Azərbaycan memarlıq sənətinin inkişafında böyük xidmətlərinə görə Elbay Qasımzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Bu mükafat təkcə Elbay Qasımzadəyə deyil, bütün Azərbaycan memarlığına verilən bir qiymətdir”.
Sonra nazir “Şərəf” ordenini memara təqdim edib.
Rəhbərlik etdiyi qurumun Azərbaycan Memarlar İttifaqı ilə sıx əməkdaşlığından söhbət açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev bildirib ki, onlar gördükləri bir çox işlərdə Elbay Qasımzadənin tövsiyələrindən, məsləhətlərindən yararlanırlar. Elbay Qasımzadə yalnız Azərbaycanda deyil, xarici ölkələrdə də yaxşı tanınır, beynəlxalq memarlar təşkilatları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında, Azərbaycan memarlığının xarici ölkələrdə tanınması istiqamətində mühüm işlər görür.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova Elbay Qasımzadənin təkcə memar kimi deyil, həm də pedaqoq kimi gənc memarların yetişməsində böyük xidmətlər göstərdiyini vurğulayıb. O, bu sahədə işlərini bu gün də davam etdirir. Öz bilik və bacarığını gənc memarlarla bölüşür, onlara yol göstərir, tövsiyələrini verir.
Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov E.Qasımzadənin harada işləməsindən asılı olmayaraq, həmişə bacarığı, səriştəsi ilə hamıya nümunə olduğunu bildirib. Hər zaman nümunəvi bir memar kimi tanındığını söyləyib. Memarlar İttifaqı ilə sıx əməkdaşlıq etdiklərini və Elbay Qasımzadənin təcrübəsindən bəhrələndiklərini bildirən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə onun memarlıq sənətinə verdiyi töhfələri yüksək dəyərləndirib.
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin katibi Fərhad Mollazadə çıxışında Elbay Qasımzadəni çoxşaxəli memar kimi xarakterizə edib. Onun nəinki ölkəmizdə, həm də dünyada tanındığını bildirib.
Tədbirdə Elbay Qasımzadəyə müxtəlif qurumlar adından fəxri fərmanlar təqdim olunub.
Sonra “Memar” sənədli filmi nümayiş etdirilib.
Sonda Elbay Qasımzadə çıxış edərək göstərilən diqqətə görə ölkə başçısına minnətdarlığını bildirib. Deyib ki, bu təkcə onun əməyinə deyil, bütünlükdə ölkəmizdə memarlara və memarlığın inkişafına verilən qiymətdir.