ELM VƏ TƏHSİL
Emil Leznik: Əsas məqsəd abituriyentlərin repetitorsuz hazırlaşa bilməsidir
Bakı, 1 sentyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində tərtib edilən kitablar həm dövlət, həm də 9-cu və 11-ci sinif attestat imtahanlarına hazırlaşmaq üçün nəzərdə tutulur. Bu dərsliklərin əsas məqsədi abituriyentlərin universitet qəbuluna repetitorsuz hazırlaşa bilmələri üçündür.
AZƏRTAC xəbər verir ki, bunu “LANDAU School” Tədris Kompleksinin təsisçisi Emil Leznik Dövlət İmtahan Mərkəzi ilə anlaşma memorandumunun imzalanması tədbirində söyləyib.
O, DİM ilə birgə əməkdaşlıq çərçivəsində tərtib edilən elmi-metodiki vəsaitlər barədə məlumat verib. Emil Leznik “LANDAU School”un həm Azərbaycan Respublikası, həm də bütün Qafqaz ərazisində ən böyük özəl məktəb kimi tanınan 11 illik təhsil müəssisəsi olduğunu, tədrisin Azərbaycan, rus və ingilis dillərində həyata keçirilməsini, Tədris Kompleksinin digər məktəblərdən fərqləndirən əsas cəhətinin tədris prosesinin özünəməxsus prinsiplərinin olduğunu və bu prinsiplərin şagirdin vətənpərvər, dostcanlı və xeyirxah ruhda inkişafına təsir göstərməsini bildirib.