Gələn il Gürcüstan Silahlı Qüvvələrində xidmət edənlərin sayı dəyişməyəcək
Tbilisi, 11 sentyabr, AZƏRTAC
Gürcüstan Silahlı Qüvvətlərində xidmət edənlərin sayı 2019-cu ildə dəyişməyəcək və 37 min nəfər təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qərar Gürcüstan Milli Təhlükəsizlik Şurasının sentyabrın 11-də keçirilən iclasında qəbul edilib.
Şuranın katibi David Rakviaşvili jurnalistlərə bildirib ki, şurada bu məsələyə hər il baxılır və qəbul olunmuş qərar dekabrın 31-dək parlamentdə təsdiqlənir.
Gürcüstan Silahlı Qüvvətlərində hərbi xidmət iki hissədən ibarətdir: müqavilə əsasında xidmət (müddətdən artıq xidmət) və həqiqi hərbi xidmət. Müqavilə əsasında xidmət könüllüdür. Həqiqi hərbi xidmətə çağırış isə ildə iki dəfə olur.
David Rakviaşvili deyib ki, şuranın iclasında Silahlı Qüvvətlərdə islahatlar, təhsilin keyfiyyətinin yüksəldilməsi və ehtiyat hərbçilərin hazırlığı barədə də müzakirələr aparılıb. Bu, şuranın sonuncu toplantısı olub. Yeni Konstitusiyaya görə, bu qurum ləğv edilir və onun əvəzinə Gürcüstan Prezidenti yanında Milli Müdafiə Şurası yaradılacaq. Milli Müdafiə Şurası yalnız müharibə şəraitində çağırılacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi