REGİONLAR


Gəncənin qədim çörək növü: Səngək çörəyi VİDEO

Gəncə, 2 iyun, Elcan Məmmədov, AZƏRTAC

Çörək əsrlərdən bəri bolluq-bərəkət rəmzi sayılır. Təbii ki, hər bölgənin özünəməxsus çörək növü və bişirilmə üsulu var. Bu çörəklərin dadları da bir-birindən fərqlənir. Bakı, Gəncə, Naxçıvan, Şamaxı və digər yerlərdə vaxtilə geniş yayılan çörək növlərindən biri də səngək çörəyidir.

AZƏRTAC-ın bölgə müxbiri Gəncənin mərkəzi bazarında qədim ənənələrə əsaslanaraq bişirilən səngək çörəyinin hazırlanma qaydası ilə tanış olub.

Sahibkar Mobil Cahangirov deyir ki, yüz illərdən bəri Gəncədə səngək çörəyi bişirilsə də, son illərdə demək olar bu çörək növü unudulmaqdadır: “Biz səngək çörəyini ənənəvi qaydada bişirib satırıq. Çörəyin özünəməxsus dadı və ətri alıcıların diqqətini cəlb edir. Bütün Gəncəbasar zonasından bu çörəyi almaq üçün alıcılar gəlirlər”.

Səngək çörəyi xırda daşların üzərində, qırmızı kərpicdən hazırlanan kürələrdə bişirilir və əsasən bozbaş, piti kimi duru, yağlı yeməklər üçün nəzərdə tutulur. Onun əsas üstünlüyü 3-4 gün ərzində təzə qalması və rahat həzm olunmasıdır. Bu səbəbdən də mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə səngək çörəyindən istifadə etmək məsləhət görülür.

“Bu çörək balatı ilə hazırlanır. Yəni tərkibinə heç bir kimyəvi maddə qatılmır. Çörək rəfətədə yayılır və digər çörəklərdən fərqli olaraq üzərinə yumurta yox, su vurulur. Sonra xırda daşlardan hazırlanan kürələrdə bişirilir. Qiyməti də 70 qəpikdir, alıcılar üçün sərfəli və hər kəsin cibinə uyğundur,”- deyə sahibkar bildirir.

Qeyd edək ki, “səngək” sözü fars sözü olub, mənası uzun yastı daş üzərində bişirilən çörək deməkdir. XX əsrin əvvəllərində fransız səyyahlar Gəncəyə səfər edən zaman burada səngək çörəyinə heyran qalıb, hətta onun şəklini də çəkiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.