REGİONLAR
Gənclər narkomaniyanın və erkən nikahın fəsadları barədə məlumatlandırılıblar VİDEO
Astara, 28 yanvar, AZƏRTAC
Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 2 nömrəli tam orta məktəbdə “Müasir Azərbaycan gəncliyini narkomaniyadan qoruyaq!” və “Erkən nikahlara yox deyək” mövzusunda maarifləndirici görüş təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cəfərov narkomaniyanın səbəb olduğu ağır nəticələr barədə iştirakçılara ətraflı məlumat verib. O, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı hüquq mühafizə orqanlarının, o cümlədən polis əməkdaşlarının apardığı qətiyyətli mübarizədən bəhs edib, əldə olunan nəticələri sadalayıb. Diqqətə çatdırılıb ki, bu mübarizə tədbirləri ilə yanaşı, gələcəyimiz olan yeniyetmə və gənclərlə maarifləndirici görüşlərin keçirilməsi, onlara narkomaniya bəlası haqqında dolğun məlumatların verilməsi işi də mühüm əhəmiyyət kəsb edir.
Daha sonra çıxış edən Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova, Rayon Mərkəzi Xəstəxanasının direktoru Oktay Əmənullayev və digərləri erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən danışıblar. Bunun yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb.
Sonda mövzularla bağlı videoçarxlar izlənilib və tədbir iştirakçılarının sualları cavablandırılıb.