CƏMİYYƏT


İİV infeksiyası və QİÇS xəstəliyi ölümcül deyil...

Bakı, 17 mart, AZƏRTAC

Martın 17-də Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə “KİV-lərin QİÇS-lə bağlı stiqma və diskriminasiyaya qarşı mübarizədə rolu” mövzusunda təlim keçirilib. Tədbirdə media nümayəndələri ilə yanaşı, tələbələr də iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, təlimin açılışında çıxış edən RQMM-in təşkilati-metodiki şöbəsinin müdiri Eldəniz Muradov bildirib ki, tədbirin məqsədi cəmiyyətin media vasitəsilə xəstəlik barəsində məlumatlandırılması və xəstələrə qarşı tolerant münasibətin bəslənməsinə nail olmaqdır.

Daha sonra infeksiya və xəstəliyə aid videoçarx nümayiş olunub.

Mərkəzin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov “İİV (İnsanın İmmunçatışmazlığı Virusu) infeksiyası/QİÇS haqqında məlumat: dünyada və Azərbaycanda İİV epidemiyası ilə bağlı vəziyyət” mövzusunda təqdimatla çıxış edib. Virusa yoluxma halları, qorunma və müalicə üsulları haqqında məlumat verən şöbə müdiri bildirib ki, bu xəstəliyə və virusa qarşı vaksin və tam müalicə mövcud deyil. Lakin vaxtında qoyulan diaqnoz ölüm hallarının qarşısını ala bilər. Özünü elə də büruzə verməyən xəstəliyin gizli mərhələsi bəzən 10 ilə qədər davam edə bilər. Böyüklərin 10 faizində İİV ilk iki il ərzində QİÇS-ə keçir. Virusa yoluxma hallarının 46,4 faizinə narkomanlar arasında rast gəlinir.

“Azərbaycanda 5181 nəfər İİV-lə yaşayan xəstə var. Onlardan 72,2 faizi kişilərdir. İİV infeksiyası 25-49 yaşarası olanlarda üstünlük təşkil edir (81 faiz). QİÇS mərhələsində olanlar isə 26,3 faizə bərabərdir. Ötən il 74 hamilə qadında İİV infeksiyası aşkarlanıb. Əlli beş-altmış arası qadın doğuş etsə də, hamiləlik dövründə tətbiq edilən müayinə və müalicələrin nəticəsində körpələrdə virus aşkarlanmayıb. Əgər ana virusa yoluxubsa, o zaman körpə qeysəriyyə əməliyyatı ilə dünyaya gəlməli və ana südü ilə qidalanmamalıdır”, - deyə N.Zülfüqarov öz çıxışında məlumat verib.

Təlim zamanı İİV virusuna yoluxmuş xəstə ilə görüş də təşkil edilib.

Sonra mərkəzin media treneri Ceyhun Nəcəfov “Kütləvi informasiya vasitələrinin İİV/QİÇS-lə bağlı stiqma və diskriminasiya ilə mübarizədə rolu” mövzusunda çıxış edərək virus və xəstəliklə bağlı media standartları, xəbərin təqdim edilmə qaydası, cəmiyyətin düzgün maarifləndirilmə formaları və xəstəliklə mübarizədə qalib gəlmə yolları haqqında məlumat verib.

“Stiqma və Diskriminasiya: Sıfır Diskriminasiya” mövzusunda təqdimat edən N.Zülfüqarov hər iki terminin mənası, yaranma tarixi, səbəb və fəsadları barəsində danışıb.

Təlim sual və müzakirələrlə davam edib.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.