MƏDƏNİYYƏT


İran Mədəniyyəti Günləri çərçivəsində “Məhəmməd: Allahın elçisi” filmi nümayiş olunub

Bakı, 28 iyun, Zərəngiz Mansurova, AZƏRTAC

İran Mədəniyyəti Günləri çərçivəsində mayın 28-də Nizami Kino Mərkəzində rejissor Məcid Məcidinin “Məhəmməd: Allahın elçisi” bədii filmi nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, ekran əsərinin nümayişindən əvvəl İranın Farabi Kino Fondunun icraçı müdiri Əlirza Tabeş çıxış edərək iki ölkə arasında mədəni əlaqələrin daha da genişlənməsi baxımından bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb.

Əməkdar İncəsənət Xadimi Ayaz Salayev İran kinosunun yeniliklərindən söz açıb. Diqqətə çatdırıb ki, iranlı kinematoqrafçılar real hadisələri ekrana gətirməklə tamaşaçıları həyata daha geniş gözlə baxmağa sövq edir.

Filmin rejissoru Məcid Məcidi dünyanın onlarca ölkəsində böyük maraqla qarşılanan ekran əsərinin İran kino tarixində ən böyük büdcəli film olduğunu bildirib: “Film iki il ərzində aparılan araşdırma və 5 il davam edən çəkilişlər əsasında ərsəyə gəlib. Ekran əsəri üçün ümumilikdə 30 milyon dollar xərclənib. 2015-ci ildə tam hazır olan filmdə Sareh Bayat, Mohsen Tanabandeh, Rana Azadivar, Ali Reza Shoja-nuri və Mina Sadati rol alıb. Filmin baş operatoru “Oskar” mükafatına layiq görülmüş italiyalı Vittorio Storaro, bəstəkarı “Oskar” laureatı hindistanlı Allah-Raxa Rəhman, prodüseri Mark Cozefdir. Mahnıları tanınmış bəstəkar-müğənni Sami Yusif ifa edir.

Trilogiyanın ilk hissəsi olan 171 dəqiqəlik filmdə Həzrət Məhəmmədin 13 yaşınadək olan həyatı vǝ o dövrdǝ Məkkədə cǝrǝyan edǝn hadisǝlǝr təsvir olunur. Filmin məqsədi İslam dininin mahiyyətini dünyaya tanıtmaqdır”.

Azərbaycanda İran Mədəniyyəti Günlərinin keçirilməsini yüksək dəyərləndirən rejissor dövlət rəsmilərinin müştərək görüşləri və razılaşmaları çərçivəsində iki ölkənin kino mütəxəssisləri arasında əməkdaşlığın inkişaf edəcəyinə ümidvar olduğunu deyib.

Sonra film nümayiş olunub.

Tamaşaçılar “Məhəmməd: Allahın elçisi” bədii filmini rəğbətlə qarşılayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.