DÜNYA
İrlandiya Britaniya ilə Brexitə dair ikitərəfli danışıqlara getməyəcək
Bakı, 21 yanvar, AZƏRTAC
İrlandiyanın Avropa məsələləri üzrə dövlət naziri Helen Makenti Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması ilə bağlı Dublinlə London arasında ikitərəfli danışıqlar ideyasını qəbul etməyib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, nazir bunu yanvarın 21-də Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin iclasından öncə RTE telekanalında deyib.
“Biz Brexit üzrə heç bir ikitərəfli danışıqlara gedə bilmərik və getməyəcəyik. Danışıqları yalnız Avropa İttifaqının 27 üzv ölkəsi ilə aparacağıq”, - deyə Helen Makenti bildirib. Onun sözlərinə görə, İrlandiyanın şimalı və cənubu arasında “şəffaf” sərhədin hər iki tərəfinin əhalisinin bərabər hüququnu tanıyan 1998-ci il Belfast sazişi müzakirə mövzusu ola bilməz.
Yanvarın 20-də Böyük Britaniyanın “The Sunday Times” qəzeti hökumətdə olan mənbəyə istinad edərək Londonun İrlandiyanın şimal və cənubu arasındakı sərhəd barədə ikitərəfli Britaniya-İrlandiya danışıqlarını nəzərdən keçirdiyini yazmışdı. Bu məsələnin Aİ-Böyük Britaniya sövdələşməsi çərçivəsindən çıxarılması britaniyalı qanunvericilər üçün məqbul sayılardı.
Xatırladaq ki, yanvarın 15-də Britaniya parlamentinin İcmalar Palatasının deputatları Brexit şərtləri üzrə Avropa İttifaqı ilə saziş layihəsini rədd edib. Yekun səsvermə zamanı 432 deputat ötən ilin noyabr ayında London və Brüsselin yarım il müzakirələrdən sonra qəbul etdiyi sazişin əleyhinə səs verib. Tereza Meyin israr etdiyi saziş layihəsini isə cəmi 202 deputat dəstəkləyib. Bu, tarixə son 95 ildə Böyük Britaniya baş nazirlərinin parlamentdə ən böyük məğlubiyyəti kimi daxil olub.