CƏMİYYƏT
İstanbul Universiteti-Cərrahpaşa tərəfindən keçirilən ilk onlayn xəstə qəbulu həmyerlimizlə olub
İstanbul, 25 iyun, AZƏRTAC
Türkiyənin, o cümlədən dünyanın qabaqcıl tibb müəssisələrindən biri olan İstanbul Universiteti-Cərrahpaşa xarici ölkələrdən olan xəstələr üçün “onlayn həkim” sistemi başladıb. Layihə çərçivəsində ilk xəstə qəbulu azərbaycanlı Zöhrə Həsənova ilə baş tutub. İstanbul Universiteti-Cərrahpaşanın rektoru, professor Nuri Aydın ilə görüşən həmyerlimiz dörd ay əvvəl bu tibb müəssisəsində əməliyyat olunub. Bu barədə AZƏRTAC-a müsahibəsində professor Nuri Aydın bildirib.
O deyib: “Rəhbərlik etdiyim müəssisə, sadəcə, Türkiyəyə deyil, bütün dünyaya xidmət göstərən bir tibb ocağıdır. Bu məqsədlə biz beynəlxalq xəstələrlə görüşlərin keçirilməsi üçün belə bir portalın yaradılmasının daha məqsədəuyğun olduğunu hesab etdik. Bu sistem vasitəsilə xəstə bizimlə əlaqə yaradıb, müəyyən bir ödəmə qarşılığında mütəxəssislərlə görüşə biləcəklər. Lakin onu da qeyd edim ki, bu, bir müayinə üsulu deyil. Müayinə həkimlə xəstənin qarşılıqlı ünsiyyəti nəticəsində baş verir. Bu üsul vasitəsilə Cərrahpaşa mütəxəssisləri xəstələrə əllərində olan müayinə nəticələrinə görə rəy bildirə biləcəklər”.
Qeyd edək ki, bu sistem vasitəsilə xəstələr müvafiq internet səhifəsi ilə müraciət edərək müəyyən olunmuş zamanda həkimlərlə görüşə, əldə olunan müayinələr əsasında mütəxəssis rəyi ala bilirlər. Bu tətbiqin səhiyyə turizmində də faydalı olacağı düşünülür. Layihənin həyata keçirilməsi üçün xüsusi “Cerrahpasainternational.com” portalı yaradılıb. Bu internet səhifəsi vasitəsilə dünyanın hər bölgəsindən xəstələr həkimləri ilə görüşə biləcəklər. Layihədən hazırda yalnız xarici xəstələr istifadə edir. Gələcəkdə bu təcrübənin türkiyəli xəstələrə də şamil olunması planlaşdırılır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul