Vergi idarəsinə haker hücumu: yüzlərlə zərərçəkən dövlətə qarşı kollektiv iddia qaldırır
Paris, 25 avqust, AZƏRTAC
Fransanın vergi administrasiyasına bu yay bir neçə dəfə kiberhücum edilib. Hücumlar nəticəsində yüz minlərlə nəfərin şəxsi məlumatlarının ələ keçirildiyi təsdiqlənib. Zərərçəkənlərdən bir neçə yüzü dəymiş zərərin kompensasiya edilməsi tələbi ilə dövlətə qarşı kollektiv hüquqi proses başladıb.
AZƏRTAC xəbər verir ki, Fransanın Vergilər Baş İdarəsi (DGFiP) iyun ayında iki kiberhücumun baş verdiyini və ən azı 678 min fiziki şəxs və peşəkarın məlumatlarının təhlükəyə məruz qaldığını təsdiqləyib.
Məlumatların sızması zərərçəkənlər üçün xüsusilə dələduzluq cəhdləri riskini artırır. Bundan başqa, bəzi şəxslərin peşəsi, ünvanı və ailə əmsalı kimi məlumatların artıq məxfi olmaması əlavə təhlükələr yarada bilər.
Şəxsi məlumatların qorunması üzrə ixtisaslaşmış vəkil Jeremi Roşun sözlərinə görə, Avropa İttifaqının Ümumi Məlumatların Qorunması Qaydalarının (RGPD) 82-ci maddəsinə əsasən, şəxs real zərərə məruz qaldıqda kompensasiya tələb etmək hüququna malikdir.
Vəkilin fikrincə, məlumatları oğurlanan və bunun nəticəsində narahatlıq yaşayan şəxslər mənəvi zərər çəkmiş hesab oluna bilərlər. O, bu məsələnin məhkəmə tərəfindən tanınmasına çalışacağını bildirib və bu sahədə presedentlərin hələ çox az olduğunu qeyd edib.
Məlumatların qorunması üçün əlavə xərclərə, eləcə də, siqnalizasiya və ya müşahidə kameralarının quraşdırılmasına məcbur olan zərərçəkənlər də müəyyən şərtlər daxilində çəkdikləri xərclərin dövlət tərəfindən qarşılanmasını tələb edə bilərlər.
Bu kollektiv hüquqi prosesin nəticəsi Fransada şəxsi məlumatların kütləvi şəkildə sızması hallarına görə dövlət qurumlarının məsuliyyəti baxımından əhəmiyyətli hüquqi presedent yarada bilər.