“Könüllülərin Zəfəri” layihəsinə start verilir
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun təşkil etdiyi qrant müsabiqəsi çərçivəsində Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən “Könüllülərin Zəfəri” layihəsinə start verilir.
Fonddan AZƏRTAC-a bildiriblər ki, layihənin başlıca məqsədi gənclərin könüllülüyə marağının artırılması, milli vətənpərvərlik və vətənə sədaqət ruhunda tərbiyə olunmaları istiqamətində həyata keçirilən layihələrə dəstək verməkdir.
Layihə çərçivəsində seçilən 30-a yaxın gəncin bir sıra ekspertlər və Vətən müharibəsinin iştirakçıları ilə görüşlərinin təşkili nəzərdə tutulur.
Noyabr-dekabr aylarında təşkil olunacaq görüşlərdə Vətən müharibəsi iştirakçılarının, həmçinin Milli qəhrəmanların və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması məqsədilə iştirakçılara ətraflı məlumat veriləcək. Həmçinin 44 günlük Vətən müharibəsi qəhrəmanlarının getdikləri şərəfli yolun araşdırılması məqsədilə könüllülərlə birgə fəaliyyət təşkil ediləcək. Könüllülərin əldə etdikləri məlumatlar vahid informasiya bazasında toplanacaq. Nəticə etibarı ilə qəhrəmanlarımızın keçdiyi şərəfli yol könüllülərimiz vasitəsilə daha geniş auditoriyaya çatdırılacaq.
Layihədə iştirak üçün 16-29 yaşlı şəxslər iştirak edə bilərlər. İştirakçılar seçim əsasında müəyyən olunacaq. Layihəyə qatılmaq istəyən şəxslər oktyabrın 30-dək müraciət etməlidirlər.