REGİONLAR
Lənkəranda Respublika bədii yaradıcılıq festivalının baxış turu təşkil olunub
Lənkəran, 8 aprel, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Universitetində (LDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Respublika bədii yaradıcılıq festivalının baxış turu keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ali, orta və ilk peşə təhsili müəssisələrinin şagird və tələbələri arasında bədii yaradıcılıq festivalının keçirilməsində məqsəd gənclərimizi milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda, incəsənət sahəsindəki istedadları üzə çıxarmaq və inkişaf etdirməkdir.
LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov müsabiqəyə qatılan gənclərə yaradıcılıq uğurları arzulayıb.
O, gənclərin asudə vaxtlarının səmərəli təşkilində, onların hərtərəfli formalaşmasında, yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasında bu cür müsabiqələrin əvəzsiz olduğunu, sağlam və yaradıcı təfəkkürlü gənclərə bütün zamanlarda ciddi ehtiyac duyulduğunu bildirib.
Sonra Lənkəran Dövlət Universitetinin, Astara Pedaqoji və Masallı Regional kolleclərinin tələbələrinin ifasında mahnılar, şeirlər səslənib, rəqslər nümayiş olunub.
Yaradıcılıq festivalının baxış turunda istedadı ilə seçilən tələbə-gənclər mayın 7-də Bakıda keçiriləcək qala konsertdə iştirak etmək hüququ qazanıblar.