MEK-in Reproqrafiya şöbəsi geniş oxucu kütləsini elektron resurslarla təmin edir
Bakı, 17 dekabr, AZƏRTAC
AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) dünya elminə əvəzsiz töhfələr bəxş edən alimlərin zəngin irsinin toplanılması, saxlanılması və cəmiyyətə düzgün çatdırılmasında mühüm işlərə imza atıb. Bu işlərin görülməsində MEK-də kitabxana fondunun elektron informasiya daşıyıcılarına köçürülməsi, həmin nəşrlərin e-kataloqunun yaradılması proseslərini icra edən Reproqrafiya şöbəsi də müstəsna əhəmiyyətə malikdir.
MEK-dən AZƏRTAC-a bildirilib ki, oxucuların müraciətlərinə əsasən fondlardan daxil olan nəşrlər əməkdaşlar tərəfindən skan edilir, konvertasiya olunur, daha sonra hazır material elektron bazaya yerləşdirilərək oxucuların istifadəsinə verilir.
Əsas fəaliyyət istiqamətləri kitabxananın elektron bazasını yaradaraq, oxuculara xidmət etmək olan sözügedən şöbə cari ildə 1000-dən artıq müxtəlif elmi məzmunlu nəşrlərin elektron formatda elektron bazaya yerləşdirilməsinə nail olub. Ümumi olaraq 2021-ci il ərzində skan edilmiş səhifələrin sayı 70 mindən, konversiya edilmiş səhifələrin sayı isə 103 mindən çox olub. Nəşrlər sırasında kitab, qəzet, jurnal materialları yer alıb.