REGİONLAR
Masallı Regional Mədəniyyət İdarəsində qarşıda duran vəzifələrə həsr olunmuş onlayn tədbir keçirilib
Masallı, 28 yanvar, Bağır Əliyev, AZƏRTAC
Masallı Regional Mədəniyyət İdarəsində 2022-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş onlayn tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, idarənin tabeliyində olan mədəni-maarif müəssisələrinin rəhbərlərinin iştirak etdiyi iclasda müxtəlif fəaliyyət istiqamətləri üzrə bir sıra vacib məqamlara toxunulub, mövcud problemlər müzakirə edilib.
Onlayn tədbirdə çıxış edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov Mədəniyyət Nazirliyinin bu yaxınlarda keçirilmiş kollegiya iclasında müzakirə olunmuş məsələlər, cari ildə müəyyənləşdirilmiş əsas hədəflər, sistemdaxili dəyişikliklər və yeni çağırışlar barədə iclas iştirakçılarını məlumatlandırıb, idarənin yeni ildə planlaşdırılan fəaliyyətinin əsas cəhətlərinə aydınlıq gətirib.
O, çıxışında 2022-ci ilin ölkəmizdə "Şuşa İli" elan olunması ilə əlaqədar mədəniyyət işçilərinin üzərinə yeni vəzifələrin düşdüyünü qeyd edərək, fəaliyyətlərinin mərkəzi xəttini əlamətdar ilə həsr olunmuş layihələrin icrasını təşkil edəcəyini vurğulayıb.
Qeyd olunub ki, "Şuşa İli" çərçivəsində idarənin tabeliyində olan müəssisələrdə müxtəlif məzmunlu mədəniyyət tədbirləri, o cümlədən yaradıcılıq müsabiqələri keçiriləcək, geniş konsert proqramlarını təşkil etmək məqsədilə respublikanın tanınmış musiqi kollektivləri bölgəyə dəvət olunacaq.
İclasda regionda fəaliyyət göstərən Xalq teatrı kollektivlərinə ustad dərslərinin keçirilməsi ilə bağlı fikirlər səsləndirilib, məsələnin nəzərdən keçirildiyi və aktiv müzakirə mərhələsində olduğu bildirilib.
Daha sonra idarənin baş məsləhətçisi Ayaz Əliyev, mədəniyyət işçisi Elnur Atakişiyev, müəssisə rəhbərlərindən Elçin Nəzərov, Əntiqə Tağıyeva, Dilbər İbayeva və başqaları çıxış ediblər. Çıxışlarda "Şuşa İli" çərçivəsində baş tutacaq mədəniyyət tədbirləri, ustad dərsləri, kitab fondlarının zənginləşdirilməsi, muzeylərə yeni arxiv sənədlərinin və materialların cəlb olunması və digər məsələlərlə bağlı təkliflər səsləndirilib.