Masallıda Vətən müharibəsi şəhidinin ailəsi ziyarət edilib
Bakı, 15 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Vətən müharibəsi şəhidi Vüsal Hadıyevin Masallı şəhərində yaşayan ailəsini ziyarət edib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra sosial dəstək tədbirlərinin daha da genişləndirildiyi qeyd olunub. Dövlət başçısının tapşırıqları ilə icra olunan sosial layihələr şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsində əvəzsiz rol oynayır.
Ziyarət zamanı V.Behbudov bildirib ki, mühüm sosial dəstək tədbirlərindən biri şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramıdır. 2021-ci ildə həmin proqram 5 dəfə genişləndirilib. Postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinə 3587 mənzil, o cümlədən ötən il 3 min, bu ilin əvvəlindən indiyədək daha 587 mənzil verilib. Ümumən indiyədək 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib. Bu ilin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 1500 mənzilin təqdim olunması nəzərdə tutulub. Onlardan artıq 500 mənzil təqdim edilib. İlin sonunadək isə daha 1000 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim ediləcək. Postmüharibə dövründə 264 müharibə əlilinə avtomobil verilib. İndiyədək həmin kateqoriyadan olan 7450 şəxs avtomobillə təmin olunub.
Agentlik sədri şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailənin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirib.
Qeyd edək ki, şəhid Vüsal Balarəzi oğlu Hadıyev Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.