MƏDƏNİYYƏT


Milli mədəni irsin təbliği və inkişafında mədəni marşrutların rolu

Bakı, 28 fevral, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində işə başlayan “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda respublika müşavirəsi “Mədəni marşrutlar: milli mədəni irsin təbliği və yerli inkişafı üçün model” adlı panel iclasla davam edib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioninin moderatorluğu ilə keçən iclasda “Azərxalça” ASC-nin İdarə Heyətinin sədr müavini Orxan Rzayev Azərbaycanda xalçaçılığın inkişafı və xalça sənəti haqqında məruzə ilə çıxış edib.

Qeyd olunub ki, xalça toxumaq insanları birləşdirir, onlarda kollektivlik, bir-birinə kömək, dostluq hisslərini aşılayır. Azərbaycan xalçası təkcə milli həyat tərzinin əsas elementlərindən, dekorativ-tətbiqi sənətin növ müxtəlifliyindən deyil, xalqın mənəvi və əxlaqi normaları ilə bağlıdır. Azərbaycanda xalça toxuculuğu tətbiqi sənətin ən qədim sahələrindən hesab edilir. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu Tunc dövründə meydana gəlib. Vurğulanıb ki, qədim zamanlardan Avropada Azərbaycan xalçalarına böyük maraq olub və bu gündə bu ənənə davam etməkdədir.

Məruzəçi “Azər-İlmə” və “Azərxalça”nın fəaliyyəti haqqında da məlumat verib. Bildirib ki, “Azər-İlmə” vaxtilə Abşeron, Qarabağ, Qazax, Quba, Gəncə, Lerik, Şirvan və Şəkidə emalatxanalar yaradıb, əsrlərboyu formalaşmış xalçaçılıq ənənələrini ən yüksək səviyyədə yaşadıb. Diqqətə çatdırılıb ki, Azərbaycan mədəniyyətinin, o cümlədən xalçaçılığının inkişafı və onun nailiyyətlərinin dünya miqyasında təbliği sahəsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük rolu var. Mehriban xanımın rəhbərliyi ilə Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibətilə Böyük Britaniya, Fransa və Rusiyada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti günləri çərçivəsində təşkil edilən xalça sərgiləri bu qədim mirasın təbliğinə böyük töhfə verib. 2010-cu ilin 15-19 noyabr tarixində Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci sessiyasında Azərbaycan xalçaçılıq sənəti qurumun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.