REGİONLAR


Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyəti ilə bağlı iclas keçirilib

Naxçıvan, 8 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyəti ilə bağlı iclas olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları və federasiya üzvləri iştirak ediblər.

İclasda çıxış edən muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı 2013-cü il martın 18-də keçirilən müşavirədən sonra muxtar respublikada atıcılıq idman növünün maddi-texniki bazasının formalaşdırılması və möhkəmləndirilməsi istiqamətində görülən mühüm işlərdən biri də atıcılıq üzrə idman klublarının təsis edilməsi olub. Müşavirədən sonra Naxçıvanda iki atıcılıq klubu yaradılıb. Bu iki idman klubu əsasında Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası təsis edilib. 2013-cü il dekabrın 7-də isə Atıcılıq Mərkəzi istifadəyə verilib. Mərkəzdə inzibati bina, iki stend və sportinq meydançası, oxçuluq və tir sahələri, peyntbol meydançası, hərbi-idman oyunlarının keçirilməsi üçün ərazi yaradılıb. Federasiya muxtar respublikada atıcılıq üzrə idman yarışlarının keçirilməsinə təşəbbüskarlıq göstərilməsini, atıcılıq üzrə idman yarışlarında klub üzvlərinin iştirakının təmin olunmasını, mütəxəssislərin ixtisaslarının artırılmasını, atıcılıq üzrə muxtar respublikanın yığma komandasına cəlb edilmiş klub üzvlərinin müvafiq çempionatlarda, həmçinin beynəlxalq yarışlarda müvəffəqiyyətlə çıxış etməsi üçün şəraitin yaradılmasını özünün əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirib.

Qeyd olunub ki, Atıcılıq Mərkəzinin açılışı zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən atıcılıq üzrə yığma komandanın formalaşdırılması və ölkə miqyaslı, eləcə də beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, federasiyaya üzvlərin qəbul olunması və Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində Azərbaycan və beynəlxalq səviyyəli yarışların keçirilməsi barədə tapşırıqlar verilib. Lakin Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası il ərzində idmançıların Azərbaycan və beynəlxalq səviyyəli yarışlarda iştirakını təmin etməyib, keçirilən muxtar respublika yarışları isə keyfiyyət və təşkilatçılıq baxımından aşağı səviyyədə olub. Bu gün federasiyada fərqlənən idmançı və məşqçi-müəllimlər yox dərəcəsindədir. Eyni zamanda, məşqçi-müəllim və idmançıların olmaması federasiyanın muxtar respublikadan kənarda keçirilən yarışlarda iştirak etməməsinə səbəb olub.

İşini günün tələblərinə uyğun qurmayan federasiyanın yarıtmaz fəaliyyətinin nəticəsi olaraq federasiya sədri Asəf Məmmədov vəzifəsindən azad edilib. Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının Atıcılıq Mərkəzində avadanlığın qorunması, onlardan günün tələblərinə uyğun olaraq istifadə edilməsi, işin düzgün qurulması kimi bir sıra məsələlərə nəzarət federasiyanın üzvü Canməmməd Canməmmədova tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.