REGİONLAR
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” kitabı fundamental tədqiqat əsəridir
Babək, 19 oktyabr, AZƏRTAC
AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” kitabının Babək rayon gənclərinə təqdimatı olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Babək Rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova və gənclər və idman nazirinin müavini Məcid Seyidov muxtar respublikada gənclərin təhsili, inkişafı üçün yaradılan şəraitdən bəhs ediblər.
Bildirilib ki, Naxçıvan hər zaman kitaba və elmə xüsusi qayğının ünvanı olub. Qədim diyarın tarixi elmə və ədəbiyyata önəmli töhfələr verən şəxsiyyətlərlə, elm adamları və ədiblərlə zəngindir. Mədəniyyət, quruculuq, yaradıcılıq və əzmkarlıqdan ibarət qürurlu tarixi yazmaq ənənəsi günümüzdə daha dinamik şəkildə davam edir. Bu ənənənin yaşadılmasında gənclərin önəmli rolu nəzərə alınaraq mütəmadi olaraq muxtar respublikanın tanınmış yazıçılarının, elm nümayəndələrinin və gənclərin iştirakı ilə kitab təqdimatları, oxunması zəruri olan kitabların müzakirələri təşkil edilir.
Vurğulanıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” kitabı gənclərin muxtar respublikada gedən inkişaf prosesləri ilə daha yaxından tanış olmaları üçün önəmli mənbədir. Belə ki, bu monoqrafiya muxtar respublikanın 1995-2019-cu illər ərzində sosial-iqtisadi və mədəni həyatının bütün sahələrini əhatə edən fundamental tədqiqat əsəridir.
Daha sonra akademik İsmayıl Hacıyev çıxış edərək muxtar respublikanın keçdiyi inkişaf yolundan, həyata keçirilən layihələr və qazanılan nailiyyətlərdən geniş bəhs edib. Akademik bildirib ki, monoqrafiyada muxtar respublikada məqsədyönlü islahatların aparılması, mühüm əhəmiyyətə malik Dövlət proqramlarının reallaşdırılması nəticəsində Naxçıvanın sosial-iqtisadi inkişaf baxımından ölkəmizdə liderliyini qoruması faktı təhlil edilib, demoqrafik proseslər və məşğulluq problemlərinin həlli, səhiyyə sisteminin inkişafı və əhalinin sağlamlığının qorunması məsələləri araşdırılıb. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun və Elmin İnkişafı Fondunun yaradılması haqqında, eləcə də digər tarixi sərəncamların əhəmiyyətindən, muxtar respublikada elm və təhsilin inkişafı, bu sahədə yüksəkixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və elmi nəticələrin xaricdə tanıdılması istiqamətində atılan mühüm addımlardan ətraflı bəhs olunub. Nəşrdə tarixi irsin qorunması, turizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər geniş şərh edilib. Kitabda Naxçıvan Muxtar Respublikasının “Caspian European Club”un ölkəmizdə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycan Respublikası regionlarının illik investisiya reytinqinin qalibi olması faktı da öz əksini tapıb. Monoqrafiyada Vətənimizin ayrılmaz parçası olan Naxçıvanda Heydər Əliyev ideyalarına dərin sədaqət, uğurlu idarəetmə sayəsində bütün sahələrdəki intibah təhlil edilir, gələcək müvəffəqiyyətlər proqnozlaşdırılır.
Sonda İsmayıl Hacıyev gənclərin suallarını cavablandırıb.