İQTİSADİYYAT


“Omni World Holdings Limited” Azərbaycanda KOB layihələrinə 10 milyon dollar yatıracaq

Bakı, 13 iyun, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin “Omni World Holdings Limited” şirkəti Azərbaycanda kiçik və orta biznes (KOB) sahəsində potensial layihələrin reallaşdırılmasına investisiya yatıracaq.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, iyunun 13-də KOBİA və “Omni World Holdings Limited”in nümayəndələri arasında görüş keçirilib, əməkdaşlıq imkanları müzakirə edilib.

Görüş çərçivəsində KOBİA və “Omni World Holdings Limited” arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov və “Omni World Holdings Limited”in sədri Erik Alfred Şayer imzalayıblar.

Sənədə əsasən, “Omni World Holdings Limited” ölkəmizdə turizm, kənd təsərrüfatı, informasiya texnologiyaları, səhiyyə sahələri daxil olmaqla, iqtisadiyyatın müxtəlif sektorlarında potensial layihələrin reallaşdırılmasına investisiya yatıracaq. Şirkət tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlıq sahəsində həyata keçiriləcək layihələrə ilkin olaraq 10 milyon ABŞ dollarlıq investisiyanın yatırılması nəzərdə tutulur.

Anlaşma memorandumuna əsasən, KOBİA və “Omni World Holdings Limited” KOB-ların təşviqi üçün dəstək tədbirlərinin həyata keçirilməsi, müvafiq qurumların əlaqələndirilməsi və maliyyə xidmətləri sahəsində əməkdaşlıq, qarşılıqlı faydalı layihələr, ən yaxşı texnologiyalar və biznesin idarə edilməsi sahəsində yeniliklər barədə məlumatlandırma, KOB-lar arasında əməkdaşlığı gücləndirmək üçün seminar, sərgi və digər təşviqat tədbirlərinin təşkili kimi istiqamətlərdə əməkdaşlıq edəcəklər.

O.Məmmədov deyib: “Azərbaycan Respublikası Prezidentinin məqsədyönlü islahatları nəticəsində ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb. Xarici investorların cəlb edilməsi ümumilikdə iqtisadiyyatın şaxələndirilməsi, o cümlədən kiçik və orta biznesin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. KOBİA-nın əsas fəaliyyət istiqamətlərindən biri kiçik və orta biznesə dəstək göstərməkdir və bu çərçivədə agentlik investisiyaların cəlb olunması və təşviqi istiqamətində tədbirlər həyata keçirir. Anlaşma memorandumu da kiçik və orta biznes sahəsinə investisiyaların cəlb olunmasını nəzərdə tutur”.

E.Şayer isə qeyd edib ki, Azərbaycanda əlverişli biznes və investisiya mühiti yaradılıb və ölkəyə böyük həcimdə xarici investisiyalar yatırılıb. Kiçik və orta sahibkarlığın inkişafına Azərbaycanda xüsusi önəm verilir və dövlət tərəfindən bu sahənin inkişafına dəstək göstərilir. “Omni World Holdings Limited” Azərbaycanda KOB sahəsində layihələrin reallaşdırılmasında maraqlıdır və bu sahədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.