DÜNYA


Pekində dünyanın ən böyük aeroportu olan “Dasin”də sınaq uçuşları həyata keçirilib

Pekin, 13 may, AZƏRTAC

Pekində yeni inşa olunan "Dasin" beynəlxalq hava limanında mayın 13-də sınaq uçuşları həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkənin ən böyük aviasiya şirkətlərindən olan "China Southern"ə məxsus "Airbus 380" tipli təyyarə Pekindəki "Paytaxt" hava limanından qalxaraq yerli vaxtla səhər 9:30-da dünyanın ən böyük aeroportu olan "Dasin"də uğurlu sınaq enişi edib. Təxminən 15 dəqiqə sonra isə "Xiamen Airlines" şirkətinin "Boeing 787" təyyarəsi həmin hava limanına enib. Gün ərzində "China Eastern" və "Air China" şirkətlərinə məxsus "Boeing 747" və "Airbus A350" tipli təyyarələrin də "Dasin" hava limanına sınaq enişi ediblər.

Qeyd edək ki, Pekinin cənub hissəsində, Xebey vilayətinin Lanfan şəhəri ilə kəsişmədə yerləşən "Dasin" hava limanının ümumi sahəsi 1 milyon kvadratmetrdir. "Dasin" bu göstərici ilə dünyanın ən böyük aeroportu ünvanına sahiblənib. Hava limanının illik sərnişin ötürmə gücünün 2021-ci ilədək 45 milyon, 2025-ci ilədək 72 milyona, 2040-cı ildə isə 100 milyona çatması gözlənilir. Aeroportun əsas binasının dizayn layihəsi məşhur memar Zaha Hadidə məxsusdur. Aeroportun 4 uçuş-enmə zolağı ildə 620 min təyyarə qəbul edib, yola salacaq. Hava limanından həm daxili, həm də beynəlxalq uçuşlar həyata keçiriləcək. Aeroportun sentyabrın 30-da fəaliyyətə başlayacağı gözlənilir.

Hazırda Pekində yalnız daxili uçuşların həyata keçirildiyi "Nanyuan" hava limanı ilə yanaşı, sərnişin ötürmə qabiliyyətinə görə ABŞ-ın Atlanta şəhərindəki “Harstfild-Cekson” hava limanından sonra dünyada ikinci ən böyük olan "Paytaxt" beynəlxalq aeroportu fəaliyyət göstərir.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.