Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev “Qobu” Enerji Qovşağının açılışında iştirak edib
Dövlətimizin başçısı AZƏRTAC-a müsahibə verib YENİLƏNİB-2 VİDEO

Bakı, 11 fevral, AZƏRTAC

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qobu” Enerji Qovşağının - yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Prezident İlham Əliyevin 2020-ci ilin avqustunda təməlini qoyduğu 385 meqavatlıq “Qobu” Elektrik Stansiyası və yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyası rekord müddətdə tikilib. Azərbaycan energetikası tarixində ilk dəfə istilik elektrik stansiyasının layihələndirilməsini xarici institutlar deyil, “Azərenerji” ASC-nin Layihə-Axtarış Energetika İnstitutu layihələndirib və tikintini də yerli şirkət həyata keçirib. Ən əsası odur ki, burada tikilən yarımstansiya Bakıda inşa olunan ilk 330 kilovoltluq yarımstansiyadır.

Prezident İlham Əliyev “Qobu” Enerji Qovşağını işə saldı.

Məlumat verildi ki, istər elektrik stansiyasının, istərsə də yarımstansiyanın tikinti prosesi fasiləsiz rejimdə aparılıb. Elektrik stansiyasının maşın zalları, qazpaylayıcı stansiya, anbar, emalatxana binaları, yarımstansiyanın açıq paylayıcı qurğuları, idarəetmə mərkəzi, mühəndis korpusu və başqa yardımçı binalar paralel şəkildə tikilib. Aqreqatların, avadanlığın, texnika və materialların daşınması, quraşdırılması, tikintisi, yüksək gərginlikli ötürücü xətlərin çəkilməsi kimi mürəkkəb proseslər də sinxron şəkildə aparılıb. Beləliklə, “Qobu” Enerji Qovşağının tikintisi nəzərdə tutulan müddətdə başa çatdırılıb.

“Qobu” Enerji Qovşağı ölkəmizdə, xüsusilə Bakıda və Abşeron yarımadasında elektrik enerjisinə sürətlə artan tələbatı ödəmək, paytaxtın və yarımadanın regionlardakı elektrik stansiyalarından asılılığını azaltmaq, elektrik enerjisi ilə təchizatın dayanıqlılığını və etibarlılığını maksimum səviyyəyə çatdırmaq, texniki itkiləri azaltmaq, sistem qəzası təhlükəsini minimuma endirmək, Bakıda və Abşeron yarımadasında tənzimləyici generasiya gücü funksiyasını üzərinə götürərək 500 kilovoltluq “Abşeron” yarımstansiyasının əvəzedicisi funksiyasını daşımaq, paytaxtın 330 kilovoltluq dairəvi elektrik təchizat sistemini yaratmaq və digər amillər baxımından olduqca əhəmiyyətlidir.

Bildirildi ki, yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasında isə ən müasir avadanlıq quraşdırılan 330 kilovoltluq açıq paylayıcı qurğu inşa edilib. Eyni zamanda, həmin qurğunun yanında 220 kilovoltluq açıq paylayıcı qurğu yaradılıb və yarımstansiyalar üçün hər birinin gücü 250 meqavolt-amper olan 4 avtotransformator quraşdırılıb. 110 kilovoltluq açıq paylayıcı qurğu isə “Qobu” Elektrik Stansiyasının qarşısında tikilib.

Yarımstansiyanın ərazisində müasir mikroprosessor tipli rəqəmsal idarəetmə və mühafizə panelləri ilə təchiz olunmuş yeni nəsil avadanlıqdan ibarət idarəetmə binası tikilib. Yarımstansiyada məsafədən idarə olunan mikro-SCADA dispetçer idarəetmə sistemi, əks-qəza avtomatikası sistemi qurulub. Rəqəmsal enerjisistem konsepsiyasına uyğun olaraq istismara verilən yarımstansiyada aktivlərin, proseslərin, resursların idarə edilməsi, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması, problemlərin tez həlli proqram təminatı vasitəsilə avtomatik həyata keçiriləcək.

İdarəetmə mərkəzi ilə yanaşı, mühəndis yataqxana korpusu inşa edilib, işçi heyət üçün xidməti otaqlar, fasiləsiz əmək fəaliyyətini təmin edən şərait yaradılıb. Yarımstansiyanın ərazisində abadlıq işləri görülüb, daxili yollar çəkilib.

Qeyd edək ki, ən müasir üslubda inşa olunan 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasında isə 4 maşın zalı tikilib və ümumilikdə 21 aqreqat quraşdırılıb. Bu aqreqatların hər birinin gücü 18,3 meqavatdır. Burada 7 ədəd güc transformatoru quraşdırılaraq yarımstansiya ilə əlaqələndirilib.

“Qobu” Enerji Qovşağının enerjisistemə inteqrasiyası üçün Şirvandakı “Cənub” Elektrik Stansiyasına 108 kilometr məsafədə 330 kilovoltluq ötürücü xətt inşa edilib. Eyni zamanda, “Qobu” yarımstansiyasını strateji əhəmiyyətli 330 kilovoltluq “Yaşma” yarımstansiyası ilə əlaqələndirmək üçün 47 kilometr məsafədə 330 kilovoltluq elektrik verilişi xətti çəkilib. Bundan əlavə, 220 kilovoltluq 5-ci “Abşeron”, 5-ci “Cənub” və 110 kilovoltluq 3-cü, 4-cü “Puta” hava xətlərinin giriş-çıxış sxemi ilə yarımstansiyaya qoşulması işləri başa çatdırılıb.

Beləliklə, səhralığı xatırladan ərazidə cəmi bir il ərzində yüksəkgərginlikli ötürücü xətlərin, 385 meqavatlıq elektrik stansiyasının və 330/220/110 kilovoltluq yarımstansiyanın bir araya gətirildiyi böyük enerji şəhərciyi salınmaqla son illərin ən böyük infrastruktur layihələrindən biri reallaşdırılıb.

“Qobu” Enerji Qovşağının açılışından sonra Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibə verdi.

Prezident İlham Əliyevin AZƏRTAC-a müsahibəsi

- Salam, möhtərəm cənab Prezident, AZƏRTAC-a müsahibə üçün vaxt ayırdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezident, bu gün 330 kilovoltluq “Qobu” elektrik yarımstansiyası və 385 meqavatlıq elektrik stansiyası istifadəyə verilir. Bir neçə gün bundan əvvəl yenidən qurulan “Yaşma” qovşaq yarımstansiyasının açılışında iştirak etdiniz. Ölkəmizdə enerji potensialının gücləndirilməsi baxımından bu stansiyaların əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- “Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir. Nəzərə alsaq ki, həftənin əvvəlində “Yaşma” yarımstansiyası işə salındı, hər kəs görə bilər, cəmi bir həftə ərzində Azərbaycanda enerji sahəsində nə qədər böyük işlər görülüb. Əlbəttə, bu nəhəng enerji obyektlərinin inşası zaman tələb edirdi. Ancaq ən qısa mümkün vaxt kəsiyində belə nəhəng enerji obyektlərinin inşa edilməsi bizim güclü imkanlarımızdan xəbər verir.

Həftənin əvvəlində Yaşmada böyük yarımstansiyanın istifadəyə verilməsi enerji dayanıqlılığına xidmət göstərəcək. Gücü 750 meqavat olan yarımstansiya, əlbəttə ki, bizim enerji sistemimizdə önəmli yer tutacaq. Bu gün isə 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının açılması, əlbəttə, generasiya güclərimizi böyük dərəcədə artıracaq. Bu stansiyanın yanında cəmi bir il ərzində 1000 meqavatlıq yarımstansiya inşa edilib. Onu da deməliyəm ki, bu genişmiqyaslı nəhəng layihələrin icrasında ancaq Azərbaycan şirkətləri, Azərbaycan mütəxəssisləri, fəhlələri iştirak ediblər. Yəni, bu, onu göstərir ki, bizim çox güclü texniki potensialımız, kadr potensialımız var.

Bu gün hər kəs görür ki, dünyada iqtisadi, maliyyə böhranı hələ də başa çatmayıb. Buna baxmayaraq, Azərbaycanda öz vəsaiti hesabına inşa edilən bu nəhəng obyektlərin istifadəyə verilməsi həm maliyyə imkanlarımızı göstərir, maliyyə müstəqilliyimizdən xəbər verir, texniki imkanlarımızı göstərir və onu göstərir ki, son illərdə elektrik enerjisi sahəsində çox böyük işlər görülüb, bu işlərin yenə də davamı var. Çünki artan tələbat - həm daxili tələbat, həm xarici tələbat, artan ixracımız bunu diktə edir. Onu da bildirməliyəm ki, keçən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmiş və 1,6 milyard kilovat/saat ixrac olunmuşdur. Bu, rekord göstəricidir. Yəni, biz artıq çox ciddi elektrik enerjisini ixrac edən ölkəyə çevrildik. Qeyd etdiyim kimi, həm daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat bizi yeni addımların atılmasına sövq edəcək.

- Cənab Prezident, məlumdur ki, Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir, əhalimiz hər il artır. Eyni zamanda, ölkəmizdə sənaye istehsalı da sürətlə inkişaf edir. Təbii ki, bütün bu amillər Azərbaycanda elektrik enerjisinə tələbatın artmasına səbəb olur. Elektrik enerjisinə artan bu tələbatın hansı mənbələrdən təmin olunması nəzərdə tutulur?

-Bəli, Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Müstəqillik dövründə əhalimiz 7 milyondan 10 milyona çatıbdır. Bu, ölkədə gedən müsbət meyillərin təzahürüdür, sabitliyin, əmin-amanlığın, iqtisadi inkişafın, sosial rifahın təzahürüdür. Əlbəttə ki, bizdə bütün sahələrdə olan potensial bu demoqrafik artıma uyğun olmalıdır. Eyni zamanda, ölkə iqtisadiyyatı artır, sənaye potensialı artır. Keçən il biz xalqımızı gözəl göstəricilərlə sevindirə bildik. Keçən il iqtisadiyyatımız 5 faizdən çox artıb, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20 faiz artıb. Yanvar ayının ilk yekunları mənə bu günlərdə məruzə edildi. Nəticələr daha da ümidvericidir. İqtisadi artım təxminən 6 faiz, qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9 faiz, qeyri-neft sənaye istehsalı sahəsində isə artım 24 faiz olmuşdur. Bu da rekord göstəricidir. Yəni, bu, onu göstərir ki, müsbət dinamika bu il də təmin ediləcək. Yanvar ayı ilin başlanğıcıdır. Dünyanın istənilən ölkəsində yanvar ayında iqtisadi artım templəri adətən o qədər güclü olmur, o cümlədən Azərbaycanda. Amma qeyd etdiyim bu göstəricilər, necə deyərlər, özlüyündə bir nəticədir.

Əlbəttə ki, artan sənaye artan generasiya gücləri tələb edir. Məhz biz buna görə belə nəhəng obyektləri inşa edirik. Artan daxili tələbatı belə gözəl enerji stansiyaları ilə təmin edəcəyik. Eyni zamanda, qeyd etdiyim kimi, bizim enerji gücümüzə xaricdə tələbat artır. Bizim 4 qonşu ölkəyə elektrik enerjisinin ixracatı artmaqdadır - Türkiyə, Rusiya, Gürcüstan və İran. Qeyd etdiyim kimi, 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac etmişik. Bizim həm neft, həm qaz, həm elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir.

Bu, əlbəttə ki, son illər ərzində əldə edilmiş nailiyyətlərdir. Biz hamımız xatırlayırıq ki, müstəqilliyimizin ilk illərində bizim özümüzə enerji gücü çatmırdı. Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə pulumuz yox idi, Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi. Təbii qazla bağlı qıtlıq var idi, bölgələrdə, ümumiyyətlə, qaz yox idi və neft hasilatı kəskin düşmüşdü. Bu gün isə Azərbaycan dünya miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir. Təsadüfi deyil ki, bu ay keçirilmiş 8-ci Cənub Qaz Dəhlizi Məşvərət Şurası məhz bu uğurlarımızı bir daha qeyd etdi. Orada çıxış edən demək olar ki, bütün iştirakçılar Azərbaycanın potensialından, Azərbaycanın imkanlarından danışdılar. Mən orada çıxış edərkən dedim ki, biz etibarlı tərəfdaşıq, öz öhdəliklərimizi yerinə yetiririk, buna gücümüz də çatır, iradəmiz də çatır, məsuliyyətimiz də çatır. Ona görə bugünkü mənzərə çox müsbətdir və ölkə daxilində enerji təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur, amma bu gün dünyanın bir çox ölkələrində bu problemlər var və kəskinləşir. Bəzi ölkələr, ümumiyyətlə, öz enerji balansını düzgün tərtib edə bilmirlər. Çünki xarici təchizatçılardan asılıdırlar və orada müəyyən problemlər yaranıbdır. Ona görə biz həm ölkə daxilində, həm bölgədə, həm geniş mənada qitədə çox etibarlı enerji təchizatçısı ölkəsinə çevrilmişik. Əlbəttə ki, növbəti planlarımız da var. Həm daxildə, həm xaricdə artan tələbatı ödəmək üçün bizim böyük planlarımız var, onlar reallaşır, o cümlədən bərpaolunan enerji növləri ilə bağlı planlarımız. Əminəm ki, bu gün burada qeyd etdiyimiz açılış və buna bənzər açılışlar bundan sonra da çox olacaq.

- Cənab Prezident Siz bərpaolunan enerji növləri ilə bağlı məsələyə toxundunuz, növbəti sualımız da bununla bağlıdır. Son illər Azərbaycanda bu istiqamətdə genişmiqyaslı işlərə start verilib. Bərpaolunan enerji növlərinin inkişafı istiqamətində həyata keçirilən işlər barədə məlumat verməyinizi xahiş edirik.

- Bu sahəni mən artıq bir neçə ildir ki, prioritet sahə kimi müəyyənləşdirmişdim. Onu da bildirməliyəm, adətən bu sahəyə o ölkələr daha ciddi fikir verir ki, o ölkələrdə təbii enerji resursları yoxdur, ya azdır, ya da ki, çatmır. Ona görə qazı və neft məhsullarını əvəzləmək üçün ölkələr məcburən bu sahəyə fikir verirlər, investisiyalar qoyurlar. Bizdə isə əksinə, biz özümüzü və tərəfdaşlarımızı bundan sonra ən azı 100 il ərzində təbii qazla təchiz edə bilərik. Buna baxmayaraq, bu gün bərpaolunan enerji növlərinə sərmayə qoyuruq. Nə üçün? İlk növbədə, ona görə ki, bu, ən təmiz enerji növüdür. Düzdür, təbii qaz da təmiz enerji növüdür və biz Azərbaycanda elektrik enerjisini istehsal etmək üçün hazırda ancaq təmiz enerji növlərindən istifadə edirik, mazutdan istifadə etmirik, kömürdən istifadə etmirik. Halbuki bir çox ölkələr bu məhsullardan istifadə edirlər. Biz təbii qazdan, sudan, günəşdən, küləkdən istifadə edirik. Bunu nəzərə alaraq gələcəkdə ətraf mühiti qorumaq üçün biz mütləq bərpaolunan enerji növlərini yaratmalıyıq. İkinci səbəb ondan ibarətdir ki, bizim buna imkanımız var, potensialımız var. Ölkədə o qədər gözəl investisiya iqlimi yaradılıb ki, həm özümüz, həm də xarici firmalar buna böyük maraq göstərirlər. Bu marağı biz yaratmışıq. Əgər neft-qaz sahəsində uğurlu siyasətimiz aparılmasaydı və tərəfdaşlar bizə inanmasaydılar, o cümlədən Azərbaycanın gələcəyinə inanmasaydılar, bu qədər böyük xarici sərmayə qoymazdılar. Ona görə bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş gedir və bu işin nəticələrini biz görürük. Nədə görürük? İlk növbədə onda ki, xarici firmalar, böyük şirkətlər bu sahəyə investisiya qoyurlar. Keçən ay bu sahədə ən böyük şirkətlərdən biri - “ACWA Power” və Azərbaycan arasında imzalanmış kontrakt əsasında təməlqoyma mərasimi keçirildi, 240 meqavatlıq külək elektrik stansiyası gələn il istifadəyə verilməlidir. Hazırda BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Günəş elektrik stansiyasının inşası ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkəti ilə danışıqlar gedir. Hər iki layihə təqribən 400-450 meqavat gücündədir. Üstəlik qeyd etdiyim kimi “ACWA Power” ilə 240 meqavat, ondan sonra “Xudafərin” və “Qız qalası” su anbarlarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. O gücün yarısı bizə çatacaq, bu da əlavə 140 meqavat təşkil edəcək. “Azərenerji”nin özünün 50 meqavatlıq külək elektrik stansiyası var. Ondan sonra azad edilmiş torpaqlarda keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən quruldu. Azad edilmiş torpaqlarda bu il 5 su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Orada da təqribən 25-30 meqavat gücündə stansiyalar olacaq. Həmçinin azad edilmiş torpaqlarda ermənilər tərəfindən dağıdılmış 30-a yaxın su elektrik stansiyasının tikintisi mümkündür və olacaqdır. Mən fürsətdən istifadə edərək, yerli və xarici investorları bu sahəyə dəvət etmək istəyirəm. Çünki dövlət onsuz da bu işləri görəcək və görür. Amma yaxşı olardı ki, özəl şirkətlər də bu sahəyə investisiya qoysunlar. Əlbəttə ki, bizim böyük potensialımız Kəlbəcər-Laçın zonasındadır və azad edilmiş digər torpaqlarda. Mən bu rəqəmləri bildirmişdim, 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı var, günəş və külək stansiyalarını nəzərə alaraq. Bizim ən böyük potensialımız Xəzər dənizindədir və təsadüfi deyil ki, hazırda dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinə çox böyük diqqət yetirirlər, bizə artıq təkliflər gəlməyə başlamışdır. Xəzər dənizinin bərpaolunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur. Ona görə bütün bu işləri biz düzgün planlaşdırmalıyıq.

Daxili tələbatı təbii ki, ödəmişik, ödəyəcəyik, ixracla bağlı öz fəaliyyətimizi genişləndirməliyik, yeni ixrac bazarlarına çıxmalıyıq. Bizim bütün dörd qonşu ölkə ilə dediyim kimi, enerji bağlantıları var, biz indi yeni bir layihə üzərində işləyirik. Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi indi artıq planlarımızdadır. Mən demişdim ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı üçün deyil. Eyni zamanda, Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq. Bir xətt Gürcüstan-Türkiyə üzərindən keçir və ikinci xətt oradan keçməlidir. Biz bunun üzərində işləyirik və artan ixracımız həm önəmimizi artıracaq, geosiyasi önəmimizi artıracaq, eyni zamanda, bizə əlavə valyuta gətirəcək. Biz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacağıq və ölkəmiz daha da firavan yaşayacaq. Ona görə bütün bu layihələr bizim planlarımızdadır. Bugünkü açılış mərasimi bir daha gücümüzü göstərir, iradəmizi göstərir. Onu göstərir ki, qarşımızda duran bütün vəzifələri biz uğurla icra edirik.

- Cənab Prezident, AZƏRTAC-ın suallarını ətraflı cavablandırdığınıza görə Sizə minnətdarıq. Sizə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayırıq. Çox sağ olun.

- Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev “Qobu” Enerji Qovşağının açılışında iştirak edib  Dövlətimizin başçısı AZƏRTAC-a müsahibə verib YENİLƏNİB-2 VİDEO

“Saudia Airlines” 150 təyyarə almağı planlaşdırır

Assosiasiya: 2026-cı ildə dünyada 1 milyard dollarlıq yarımkeçirici satılacaq

AEBA: Ukraynanın enerji şəbəkəsinə hücumların güclənməsi riskləri artırır

Qazaxıstanın yeni Konstitusiya layihəsi ilə bağlı əhalidən 4 mindən çox rəy daxil olub

İtaliyada XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib

Macarıstanın MOL neft-qaz şirkəti yeni obyekti istismara verməyə hazırlaşır

Mahir Məmmədov: Növbəti il ölkə çempionatının mükafat fondunun artırılması nəzərdə tutulub

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub

Almaniyada sərvət vergisi büdcəyə 140 milyard avrodan çox gəlir gətirə bilər

Rauf Məmmədov: Ölkə çempionatı gənc şahmatçılar üçün yaxşı sınaq olacaq VİDEO

Rauf Məmmədov: Ölkə çempionatı gənc şahmatçılar üçün yaxşı sınaq olacaq VİDEO

“Xatirələr sahilində” sənədli filmi nümayiş olunub VİDEO

“Xatirələr sahilində” sənədli filmi nümayiş olunub VİDEO

Macarıstan videooyunların hazırlanmasına çoxmilyardlı investisiya elan edib

Musiqi ilə aşılan sərhədlər: Qəbələdə autizmli pianoçunun konserti olub VİDEO

Musiqi ilə aşılan sərhədlər: Qəbələdə autizmli pianoçunun konserti olub VİDEO

Auditor fəaliyyətində keyfiyyətin yüksəldilməsi ilə bağlı iclas keçirilib

Azərbaycan şahmatçısı: Ötənilki uğursuzluğu bu dəfə kompensasiya etmək istəyirəm

QMİ sədri Əbu-Dabidə bir sıra görüşlər keçirib

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Masallıda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

Ukrayna Prezidenti: Bəzi bölgələrdə Hərbi Hava Qüvvələrinin işi qənaətbəxş deyil

Mühacirətdə - fikir və missiya: seçim, yoxsa zərurət

Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib VİDEO

Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib VİDEO

Çin saxta xidmətlər yaradan şirkətləri cərimələyib

Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndələri Gürcüstanda səfərdədirlər

Almaniyanın daxili işlər naziri Budapeştdəki ekstremist hücumlarla bağlı açıqlama verib

Rəcəb Tayyib Ərdoğan: Dağıdıcı zəlzələlər fonunda Türkiyə yenidən dünyaya öz gücünü nümayiş etdirib

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyinə nəzarət gücləndirilməlidir

Azərbaycanlı alim Moskvada beynəlxalq müsabiqədə mükafata layiq görülüb

Qazaxıstan BTC marşrutu üzrə uzunmüddətli tərəfdaşlığı möhkəmləndirmək niyyətindədir

V.Z.Nəsirlinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

S.Ə.Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təqdim edib

"GəncVİZYON'un qalibi: İdeyamızı reallığa çevirəcəyik VİDEO

"GəncVİZYON'un qalibi: İdeyamızı reallığa çevirəcəyik VİDEO

Qivami Rəhimli: Son nəfəsinə qədər Azərbaycanın dostu - Tomas Qolts

Azərbaycan çempionatı: Sərbəst güləşdə 5 çəki üzrə finalçılar müəyyənləşib

MEK-in direktoru: Ənənəvi elektron kitabxana modelləri mövcud reallıqları tam əhatə etmir

Tovuzda yanan evdən kişi meyiti tapılıb VİDEO

Tovuzda yanan evdən kişi meyiti tapılıb VİDEO

Gənclər Günü gəncliyə verilən dəyərin bariz nümunəsidir – Naxçıvanda tədbir

Azərbaycandan Türkiyəyə heyvan mənşəli məhsulların ixracı məsələləri müzakirə edilib

Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramının prioritetləri hansılardır?

Kanadadakı soydaşlarımızın adaptasiyası məsələsi ilə bağlı təkliflər səsləndirilib

Qırğızıstan və Dünya Bankı havanın keyfiyyətinin yaxşılaşdırılması üzrə layihənin icrasını müzakirə edib

Azərbaycanda su idarəçiliyi kontekstində damcı suvarma üsulunun əhəmiyyəti TƏHLİL

Rusiyanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb: Zatulinin bəyanatına görə Moskvaya etiraz notası verilib

Vəsimə İsmayılqızı: İsmayıl Qarayevin anadan olmasının 100 illiyi silsilə tədbirlərlə qeyd olunacaq

Azərbaycan HDQ komandanı Pakistanda səfərdə olub

Zəlilərlə müalicə: elmi proqnozlar və imkanlar

“GəncVİZYON” ideyatonu keçirilib VİDEO

“GəncVİZYON” ideyatonu keçirilib VİDEO

Ədliyyə naziri Göyçayda vətəndaşların müraciətlərini dinləyib

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub

Turistlər Azərbaycanda ən çox nəyə pul xərcləyirlər? – STATİSTİKA

Prezident mükafatçısı: Göstərilən etimad məni daha məsuliyyətli və məqsədyönlü çalışmağa sövq edir

Paytaxtda ağacların qanunsuz kəsilməsi halları aşkarlanıb

Bakıda tanınmış mütəxəssisin iştirakı ilə oxatma təlimləri keçirilib

Ötən il Naxçıvanın büdcə daxilolmalarında qeyri-dövlət sektoru birinci olub

Hesablama Palatası Əbu-Dabidə dövlət auditində süni intellektin tətbiqi məsələlərini müzakirə edib

"Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun buraxılış mərasimi keçirilib

Axar-Baxar və İlisu milli parkları haqqında əsasnamələr təsdiqlənib FƏRMAN

Pərvanə Cəlallı: “GəncVİZYON” gənclər üçün açıq və yaradıcı platforma rolunu oynayır VİDEO

Pərvanə Cəlallı: “GəncVİZYON” gənclər üçün açıq və yaradıcı platforma rolunu oynayır VİDEO

Azərbaycan Respublikasının İlisu Milli Parkı haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikasının Axar-Baxar Milli Parkı haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parkları haqqında əsasnamələrin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Neft DİM 7-yə nail olunmasında mühüm rol oynaya bilər

“Naxçıvan” klubu amerikalı basketbolçu transfer edib

Oman danışıqları neftin qiymətinə təsir edib

Rumıniya–Bolqarıstan–Yunanıstan xətti regional iqtisadi balansı dəyişir

“Bənövşə gölü” su anbarı yenidən qurulur: 7 kəndin su problemi həll olunacaq

“İmişli” heyətinə yeni futbolçu cəlb edib

Ötən ay “Azərbaycan Dəmir Yolları” ilə daşınan sərnişinlərin sayı 20 faiz artıb

Yusif Vəliyev: "GəncVİZYON" ideyatona 500-ə yaxın gənc qatılıb VİDEO

Yusif Vəliyev: "GəncVİZYON" ideyatona 500-ə yaxın gənc qatılıb VİDEO

Kamran Qasımov: “Küldə şərqi deyənlər” filmi Nigeriyada beynəlxalq festivalda nümayiş olunacaq

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Tovuzda fermerlərin müraciətlərini dinləyib

Fransa ordunu gücləndirir

ABAD-çı: Bir əl işi 10 günə ərsəyə gəlir FOTO VİDEO

ABAD-çı: Bir əl işi 10 günə ərsəyə gəlir FOTO VİDEO

Hidrogeoloq: Yeraltı suların monitorinqi və müşahidə işləri sistemli şəkildə davam etdirilir

Avropa Komissiyası “TikTok”a dizaynına görə xəbərdarlıq edib

“Beşiktaş”dan növbəti transfer

Murat Demirci: Heydər Əliyev adına ibtidai məktəb Azərbaycanın Kahramanmaraş uşaqlarına ən gözəl hədiyyəsidir

Naxçıvanda “Gənc Fest” festivalı keçirilir VİDEO

Naxçıvanda “Gənc Fest” festivalı keçirilir VİDEO

Səudiyyə Ərəbistanı fevralın 8-də Həcc ziyarəti üçün vizaların verilməsinə başlayır

Siyasi şərhçi: Azərbaycan ədaləti öz gücü ilə bərpa etdi

Zlatan İbrahimoviç Olimpiya məşəlini Milanda daşıyıb

Dünya birliyinə beynəlxalq cinayətlərin cəzasız qalmayacağı ilə bağlı mesaj verildi ŞƏRH VİDEO

Dünya birliyinə beynəlxalq cinayətlərin cəzasız qalmayacağı ilə bağlı mesaj verildi ŞƏRH VİDEO

“Məşğulluğa dəstək layihəsi” çərçivəsində Bosniya və Herseqovina ilə təcrübə mübadiləsi aparılıb

“YAŞAT” Fondu müharibə əlili Bəhrəm Abdullayevə dəstək göstərib

Azərbaycanın turizm imkanları Türkiyədə beynəlxalq sərgidə təqdim olunur

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanın müdafiə naziri İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri ilə müzakirələr aparıb

Suriyanın keçid dövrü Prezidenti: Dəməşq tarixən Şərqin elm və təhsil mərkəzi olub

Bakıda şagirdin xəsarət yetirdiyi müəllim əməliyyat olunub, həyatı üçün təhlükə yoxdur YENİLƏNİB 3 VİDEO

Bakıda şagirdin xəsarət yetirdiyi müəllim əməliyyat olunub, həyatı üçün təhlükə yoxdur YENİLƏNİB 3 VİDEO

BMU-nun təşkilatçılığı ilə dilçilik mövzusunda beynəlxalq vebinar təşkil olunub

Azərbaycanda sığortalanan kənd təsərrüfatı heyvanlarının sayı 2 dəfə artıb

Sumqayıtda açıq texnoloji qurğularda yanğınların söndürülməsi ilə əlaqədar təlim keçirilib

Misirdə uşaq və yeniyetmələrin sosial şəbəkələrə çıxışını məhdudlaşdıran qanun hazırlanır

Şahin İsmayılov: Uğurlu dövlət siyasətinin əsas istiqamətlərindən biri gənclərlə bağlıdır

ASAN AI Hub 7 beynəlxalq tərəfdaşla əməkdaşlıq memorandumları imzalayıb

Gənc kamança ifaçısı: Qara Qarayev musiqi zövqünün formalaşmasında mühüm fiqurdur

Azərbaycan Kubokunda antirekordun təkrarı: 4 oyuna cəmi 4 qol

Emil Əfrasiyab: Qara Qarayev bütöv bir dövrün simasıdır

Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Fəxri xiyaban ziyarət edilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib VİDEO