CÜMHURİYYƏT - 100
Qarsda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans keçirilib
Qars, 31 oktyabr, AZƏRTAC
Türkiyənin Qars şəhərində yerləşən Qafqaz Universitetində (QU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və ulu öndər Heydər Əliyevin anadan olmasın 95 illiyi münasibətilə konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycanın Qarsdakı diplomatik nümayəndəliyinin kollektivi, Qafqaz Universitetinin professor, müəllim və tələbə heyəti, Azərbaycan Respublikasını təmsil edən ziyalılar, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Konfrans Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və süqutunun səbəbləri barədə danışan baş konsul Nuru Quliyev çıxışında XX əsrin əvvəllərindən başlayaraq xalqımızın apardığı milli-azadlıq mübarizəsindən, o cümlədən ötən əsrin sonunda ölkəmizdə baş verən ictimai-siyasi hadisələrdən danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycan xalqı yenidən əldə etdiyi milli azadlığını, müstəqilliyini ulu öndər Heydər Əliyevin tarixi xilaskarlıq missiyası sayəsində qoruya bilib. Qeyd olunub ki, üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq olunub və belə bir addımın atılması Azərbaycan hakimiyyətinə də tövsiyə edilib. Azərbaycan Xalq Cümhuriyyətindən yadigar olan bayrağımız xalqımızın əbədi iftixarına çevrilib.
Sonra Qafqaz Universitetinin prorektoru, professor Mükremin Özkan Arslan və professor Hacəli Nəcəfoğlunun çıxışları dinlənilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Qars