İDMAN


“Rusiya 2018”: Almaniya son dəqiqədə vurduğu qolla İsveç millisini məğlub edib

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 23-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının növbəti oyun gününün sonuncu görüşündə “F” qrupunda yer alan Almaniya və İsveç milliləri Soçidəki “Fişt-Arena”da qarşılaşıblar. Birinci turda Meksika millisinə 1:0 məğlub olan son dünya çempionu səkkizdəbir finala yüksəlmək şansını əldən buraxmamaq üçün bu görüşdə mütləq qələbə qazanmalı idi.

AZƏRTAC xəbər verir ki, ilk dəqiqələrdən hücuma keçən almanlar rəqib qapı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıblar. Buna baxmayaraq hesabı 32-ci dəqiqədə isveçlilər açıb. Toni Krosun meydanın mərkəzində itirdiyi topu Ola Toyvonen qola çevirib - 0:1.

Almaniya millisinin cəhdlərinə baxmayaraq birinci hissə İsveç millisinin üstünlüyü ilə yekunlaşıb.

Fasilədən sonra hücumları gücləndirən Almaniya millisi 48-ci dəqiqədə hesaba tarazlıq gətirib. Cinah ötürməsindən sonra Marko Roys fərqlənib - 1:1. Qarşılaşmanın 82-ci dəqiqəsində Almaniya yığmasının müdafiəçisi Jerom Boatenq ikinci sarı vərəqəsini alaraq meydandan kənarlaşdırılıb. Komandası azlıqda qalsa da, oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə (90+4) Toni Kros standart vəziyyətindən qapıya birbaşa zərbə vuraraq hesabları almaniyalıların xeyrinə dəyişib - 2:1. Beləliklə, Almaniya yığması mundialın ikinci oyununda çətin və çox mühüm 3 xalı aktivinə yaza bilib.

“F” qrupuna hazırda 6 xala malik Meksika millisi başçılıq edir, hər birinin hesabında 3 xal olan İsveç və Almaniya yığmaları ikinci və üçüncü yerləri bölüşürlər.

Xatırladaq ki, Almaniya komandası dörd dəfə - 1954-cü, 1974-cü, 1990-cı və 2014-cü illərdə dünya çempionu adını qazanıb.

İsveçlilər 1958-ci ildə VI dünya çempionatına ev sahibliyi ediblər. İndiyədək 11 mundialda iştirak edən İsveç bir dəfə ikinci (1958), iki dəfə üçüncü yeri tutub (1950, 1994). Milli komandanın tarixində ən çox qol vuran oyunçu Zlatan İbrahimoviç (116 oyunda 62 qol), ən çox oyun keçirən isə Anders Svenssondur (148 oyun).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.