İQTİSADİYYAT
“Şəmkir” su elektrik stansiyasının su anbarı qəzalı vəziyyətdən çıxarılır VİDEO
Bakı, 2 mart, AZƏRTAC
Ölkənin ikinci böyük su elektrik stansiyası olan “Şəmkir” SES-in su anbarında yaranan təhlükəli problemin aradan qaldırılması istiqamətində “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) təxirəsalınmaz işləri davam etdirir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 40 il əvvəl tikilən su anbarının daşmaması, yağıntı zamanı yığılan artıq suyun buraxılaraq suyun səviyyəsinin tənzimlənməsi üçün tikilmiş sutullayıcı qurğu 2003-cü ildən bəri qəzalı vəziyyətə düşüb. Çünki hər biri 160 metr uzunluqda olan üç bloklu yeraltı su tunelinin döşəməsində, tavanında, orta aşırımında, çıxış başlıq hissəsində, istinad divarlarında aşınmalar və çatlar əmələ gəldiyindən və beton qatları qırıldığından güclü su sızması hər an qurğunun uçmasına və daşqına səbəb ola bilərdi. Buna görə də, ötən ildən başlayaraq sutullayıcı qurğuda təmir işlərinə başlanılıb. Bu çətin və xüsusi dəqiqlik tələb edən iş “Azərenerji” mütəxəssisləri ilə yanaşı, yerli şirkət tərəfindən həyata keçirilir. Hazırda sutullayıcı qurğunun giriş başlığında, hər 3 tunellin içərisində və qurğunun genişləndirilmiş çıxış hissəsində yenidənqurma, bərkitmə, betonlama və təmir işləri aparılır və işin 90 faizi görülüb. İşlərin bu ilin aprel ayında yekunlaşdırılması nəzərdə tutulub.
Bununla yanaşı, “Şəmkir” su elektrik stansiyasının hidroaqreqatlarında təmir-bərpa işləri aparılıb və 2 saylı hidroaqreqatın ehtiyat hissələri dəyişdirilib, 330 kilovoltluq blok avtotransformatoru əsaslı təmir olunub. Bununla “itirilmiş” güc bərpa olunaraq dayanıqlılıq və etibarlılıq artırılıb. Planlaşdırılan işlər çərçivəsində “Şəmkir” SES-in açıq paylayıcı qurğusunun, təsirlənmə və SCADA dispetçer idarəetmə sistemlərinin, tezliyin, o cümlədən aktiv gücün avtomatik tənzimlənməsinin yenidən qurulması planlaşdırılıb.