İDMAN
Topaz Premyer Liqası: "Sabah" səfərdə "Sumqayıt"ı məğlub edərək üçüncü pilləyə yüksəlib
Bakı, 21 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Oktyabrın 21-də Topaz Premyer Liqasının 9-ci turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, günün ilk oyununda "Sumqayıt" komandası doğma meydanda debütant "Sabah" komandasını qəbul edib. İlk dəqiqələrdən irəli atılan qonaqlar rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Qarşılaşmanın 15-ci dəqiqəsində oyunun baş hakimi İnqilab Məmmədov çempionatın bombardirı Marko Deviçə qarşı qayda pozuntusuna görə sumqayıtlıların kapitanı Vurğun Hüseynovu meydandan kənarlaşdırıb. Sayca az qalan "Sumqayıt" oyunun 36-ci dəqiqəsində qapısında top görüb. Belə ki, Miloş Bosançiç rəqib müdafiəçinin başla geri qaytardığı topu güclü zərbə ilə tora qovuşdurub. Birinci hissə "Sabah" klubunun 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
Fasilədən sonra hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişilməyib. Beləliklə, bu qələbədən sonra debütant turnir cədvəlində üçüncü yerə yüksəlib.
Turun sonuncu görüşündə iki autsayder üz-üzə gəlib. "Keşlə" ASK arenada "Zirə" klubunu qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb (1:0). Oyunda yeganə qolun müəllifi 2-ci dəqiqədə Denis Silva olub.
İlk oyun günündə "Qəbələ" "Neftçi"ni 3:1 hesabı ilə məğlub edib. "Qarabağ" isə "Səbail"i 1 cavabsız qolla üstələsə də, Ağdam komandası adı protokolda olmayan futbolçunu meydana buraxdığı üçün texniki məğlubiyyətlə üzləşəcək.
Qeyd edək ki, səkkizinci turdan sonra turnir cədvəlinə 19 xalla "Neftçi" klubu başçılıq edir. Bir oyun az keçirən "Qarabağ" klubu 16 xalla ikinci, "Sabah" isə 13 xalla üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq "Səbail" (10), "Sumqayıt" (10), "Qəbələ" (8), "Keşlə" (5) və "Zirə" (2) yer alıb.