DÜNYA


Vladimir Putin yenidən Rusiya Prezidenti seçildikdən sonra ilk səfərini Avstriyaya edib

Vyana, 5 iyun, AZƏRTAC

İyunun 5-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu vəzifəyə yenidən seçildikdən sonra ilk işgüzar səfərini Avstriyaya edib.

AZƏRTAC xəbər verir ki, keçmiş SSRİ və Avstriya arasında bağlanmış qaz təminatı ilə bağlı ilk müqavilənin 50 illik yubileyi çərçivəsində baş tutan səfər zamanı Vladimir Putin Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen, kansler Sebastian Kurts, vitse-kansler Haynts-Kristian Ştraxe ilə görüşüb. Böyük iqtisadi nümayəndə heyəti ilə müşayiət olunan dövlət başçısı Avstriya İqtisadiyyat Palatasında keçirilən biznes forumda da iştirak edib.

Avstriya Prezidentinin iqamətgahının yerləşdiyi Hofburq sarayında prezidentlərin təkbətək görüşündən sonra keçirilən mətbuat konfransında Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyalara baxmayaraq, Avstriya və Rusiya arasında əlaqələrin yüksək səviyyədə inkişaf etməsi yüksək qiymətləndirilib. Rusiya Prezidenti qeyd edib ki, sanksiyalar hamı üçün zərərlidir: “Biz hamımız sanksiyaların aradan qaldırılmasında maraqlıyıq”.

Aleksander Van der Bellen Avstriyanın sanksiyalarla bağlı Aİ-nin ümumi xəttinə sadiq qalmalı olduğunu bildirsə də, ölkəsi üçün Rusiya ilə dialoqun inkişaf etdirilməsinin vacib olduğunu qeyd edib.

Vəzifəsinə yenidən seçildikdən sonra Rusiya Prezidentinin ilk səfərini məhz Avstriyaya etməsi yerli mətbuatda iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olması ilə yanaşı, həmçinin Avstriya şirkətlərinin Rusiyaya qarşı sanksiyalardan ciddi əziyyət çəkməsi və rəsmi Vyananın bu sanksiyaların yumşaldılmasında maraqlı olması kimi şərh edilib.

İyunun 6-da başa çatacaq səfərlə bağlı Avstriya tərəfindən yüksək təhlükəsizlik tədbirləri görülüb. 800 polis əməkdaşı ilə yanaşı, 800 hərbçi, eləcə də 17 hərbi vertolyot asayişin qorunmasına cəlb edilib. Qonaqların kortejinin hərəkət marşrutu üzərində yerləşən əsas küçələr nəqliyyatın hərəkəti üçün bağlanıb.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.