DÜNYA
Vladimir Zelinski Ali Radanın buraxılması üçün əsas arqumenti səsləndirib
Bakı, 21 may, AZƏRTAC
Ukrayna Prezidenti Vladimir Zelinski ölkə vətəndaşlarının Ali Radaya etimadının çox aşağı səviyyədə olmasını bu institutun buraxılması üçün əsas arqument hesab edir.
AZƏRTAC Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, Vladimir Zelinski bu barədə Ukrayna parlamentinin səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsinə dair Rada rəhbərliyi və parlament fraksiyalarının liderləri ilə görüşü zamanı deyib.
“Ali Radanın buraxılmasının əsas səbəbi Ukrayna vətəndaşlarının bu instituta çox az etimad göstərməsidir – cəmi 4 faiz. Bu, parlamentin işinin dəyərləndirilməsi və səlahiyyətlərinin dayandırılması üçün ən güclü arqumentdir. Mən Konstitusiyanın qarantı kimi vətəndaşların hüquqlarını təmin etməyə borcluyam. 2016-cı ildən bəri koalisiyanın olmaması parlamentin buraxılması üçün hüquqi əsasdır”, - deyə Ukrayna prezidenti bildirib.