REGİONLAR
Xaçmazda 20 min hektardan çox sahədə taxıl əkilib
Xaçmaz, 28 yanvar, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda bu ilin məhsulu üçün 20 min 274 hektar sahədə taxıl əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunun 13 min 723 hektarı buğda, 6 min 551 hektarı isə arpa sahələridir.
Yanvar-fevral aylarında taxıl sahələrində siçanabənzər gəmiricilərə qarşı müşahidə və mübarizə tədbirləri aparılacaq. Taxıl əkinindən sonra havanın isti və quraq olması gəmiricilərin sayını artırır. Rayonun taxıl sahələrinin əksəriyyəti suvarılan ərazilərdə yerləşdiyindən bu hallara kütləvi rast gəlinmir. Fermerlərə bu zərərvericilərin müşahidə edildiyi ilk dövrlərdə Aqrar Xidmətlər Agentliyinin yerli qurumlarına müraciət etməsi tövsiyə olunur.
Xaçmazlı təsərrüfatçılar əsasən "Əzəmətli-95", “Qobustan”, “Bezos” sortlarına üstünlük verirlər. Bu növlər rayonun iqlim şəraitinə uyğundur və məhsuldarlığı ilə fərqlənir. Ötən mövsüm bu sortların əkildiyi sahələrin hər hektarından 34-35 sentner məhsul əldə olunub.
Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, 2022-ci ildə rayonun taxıl sahələrindən 70 min 22 ton məhsul toplanılıb. Bunun 8 min 749 tonu buğda, 21 min 272 tonu isə arpa məhsuludur.
Fevral ayından taxıl sahələrinin suvarılmasına başlanılacaq. Növbəti mərhələdə taxıl sahələrinə azot gübrəsinin verilməsinə başlanılacaq.
Azot gübrəsinin sahəyə vaxtında verilməsi məhsuldarlığa təsir edən əsas amillərdəndir. Bir hektar taxıl sahəsinə orta hesabla 200 kiloqram azot gübrəsi səpilir. Azot gübrəsinin 15-20 faizi səpindən qabaq, 60 faizi erkən yazda, 20-25 faizi isə bitkilərin boyatma dövründə verilməlidir.
"Aqroservis" ASC-nin Xaçmaz regional nümayəndəliyinin direktoru Rafiq Tağıyev bildirib ki, anbarlar kənd təsərrüfatı məhsulları istehsalçılarının tələbatına uyğun olaraq mineral gübrələrlə tam təchiz edilib, fermerlərin sərfəli qiymətlərlə gübrələri əldə etməsinə şərait yaradılıb. Ötən il istehsalçılara 1890 ton gübrə satılıb.
Fermerlər yeni subsidiya qaydalarına əsasən heç bir əlavə sənəd təqdim etmədən, yalnız “Fermer kartı”nı təqdim etməklə mineral gübrə əldə edirlər. Yeni qaydalara əsasən mineral gübrənin dəyərinin 100 faizi də fermer kartından ödənilir, fermer əlavə ödəniş etmir.