Xaçmazda 42 ildir əsaslı təmir olunmayan məktəbdən reportaj
AzerTAg.az

Xaçmaz, 1 fevral, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda Yergüc kənd tam orta məktəbinin binasının əsaslı təmirə ehtiyacı var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1980-ci ildən istifadəyə verilən ikimərtəbəli məktəb binası 42 il ərzində əsaslı təmir olunmayıb. Məktəbin dam örtüyü, tavanı və döşəməsi yararsız hala düşüb. Qış aylarında tavandan siniflərə su damır. Bəzi sinif otaqlarının qapısı və pəncərələrinin şüşəsi sınıqdır. Belə şəraitdə odun sobasından istifadə olunan məktəbin normal qızdırılması mümkün deyil.
Şəraitsizlikdən Yergüc kənd tam orta məktəbinin şagirdləri oxumaq üçün ətraf kəndlərə və ya Xaçmazın rayon mərkəzindəki təhsil müəssisələrinə üz tuturlar. Hazırda 640 şagird yerlik təhsil ocağında 400-ə yaxın məktəbli elmin sirlərini öyrənir.
“Məktəb binasının təmirsiz olması bu ərazidə yaşayan şagirdlərin digər məktəblərə getməsinə səbəb olur. Sinif otaqları yararsız vəziyyətdədir. Yağıntı olanda ikinci mərtəbədəki sinif otaqlarına yağış damır. Bu da xüsusən qış aylarında şagirdlərin davamiyyətinə çox pis təsir edir. Məktəbdə həmçinin su problemi var. Sinif otaqları çox böyük olduğuna görə qızdırmaq çətindir. Bütün bunlar davamiyyətə və təhsilin keyfiyyətinə mənfi təsir göstərir”, - deyə məktəbin direktoru Məhəbbət Zeynalova bildirib.
Yergüc kənd tam orta məktəbinin binasında əsaslı təmir işlərinin aparılmasına, mərkəzləşdirilmiş istilik sisteminin quraşdırılmasına ehtiyac var.
Quba-Xaçmaz Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Xaçmaz rayonunda ümumilikdə 21 qəzalı, 18 əsaslı təmirə ehtiyacı olan məktəb binası var. 2023-2024-cü illərdə rayonda altı təhsil müəssisəsinin əsaslı təmiri nəzərdə tutulub ki, onlardan biri də Yergüc kənd tam orta məktəbinin binasıdır.
İdarədən verilən məlumata görə, son üç ildə şimal bölgəsinin beş rayonunda ümumilikdə 25 məktəb binası yenilənib. Qubada Zəki Kərimov adına Birinci Nügədi kənd tam orta məktəb, Zərdabi qəsəbə Bayram Şıxəmirov adına tam orta məktəb, Siyəzəndə Mikayıl Müşfiq adına şəhər 2 saylı tam orta məktəb, Şabranda isə Səməndər Musayev adına Uzunboyad tam orta məktəb üçün yeni binalar inşa olunub. Bundan əlavə, son üç ildə bölgədə 18 yeni modul tipli məktəb quraşdırılaraq istifadəyə verilib.
Hazırda Qubanın Vəlvələ və Bağbanlı kəndlərində yeni məktəb binalarının, Digah kəndində məktəb binası üçün yeni korpusun tikintisi davam edir. Xaçmaz rayonunda isə Qusarçay kənd tam orta məktəbinin binasında əsaslı təmir işləri aparılır. Bölgədə daha üç modul tipli məktəb quraşdırılmaqdadır.
Xəbərin mətnində orfoqrafik səhv var