Xaçmazda Milli Qəhrəmana həsr edilmiş “Bitməyən ömür” sənədli filminin təqdimatı olmuşdur
Xaçmaz, 21 iyun (AZƏRTAC, Elxan Yusifli ). Xaçmazda Milli Qəhrəman Yavər Şahbazova həsr edilmiş “Bitməyən ömür” sənədli filminin təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, təqdimatdan əvvəl Milli Qəhrəmanın Xaçmaz şəhərində ucaldılmış abidəsi ziyarət olunmuş, önünə gül dəstələri düzülmüşdür.
Sonra Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində “Bitməyən ömür” filmi nümayiş etdirilmişdir. Sənədli ekran əsərini izləyənlər arasında Azərbaycanın Milli Qəhrəmanı Yavər Şahbazovun valideynləri, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri olmuşlar.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən olan sənədli film “Yaddaş” studiyasında lentə alınmışdır.
Filmin rejissoru Seyran Mahmudoğludur.
“Bitməyən ömür” filmində Milli Qəhrəman Yavər Şahbazovun göstərdiyi igidlikdən ətraflı söhbət açılmış, qəhrəmanın ailə üzvləri, təhsil aldığı məktəbin müəllimləri, sinif yoldaşları, rayon sakinləri onunla bağlı xatirələrindən danışmışlar.
Mərasimdə çıxış edən rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nazim Ağayev ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən dövlət qayğısından söhbət açmışdır.
Bildirilmişdir ki, Yavər Şahbazov 1973-cü il noyabrın 1-də Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olmuşdur. Orta məktəbdə oxuduğu illərdə Yavər Şahbazov vətənpərvərliyi ilə müəllimlərinin və sinif yoldaşlarının diqqətini çəkmişdir. Yavər Şahbazov 1995-ci il martın 13-də dövlət çevrilişinə cəhdin qarşısını alınması zamanı qiyamçıların atəşi altında qalan döyüş yoldaşlarını xilas edərkən qəhrəmanlıqla həlak olmuşdur.
Milli Qəhrəmanın atası Əlibala Şahbazov filmi ərsəyə gətirən yaradıcı kollektivə minnətdarlığını bildirərək, belə sənət əsərlərinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətini qeyd etmişdir.
Yavər Şahbazovun oxuduğu orta məktəb Milli Qəhrəmanın adını daşıyır. Məktəbin önündə və Xaçmaz şəhərində qəhrəmanın büstü qoyulmuş, Alekseyevka kəndində onun xatirəsinə Şəhidlər abidəsi ucaldılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 aprel tarixli Fərmanı ilə Şahbazov Yavər Əlibala oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.