Xaçmazda üç rayonu əhatə edən sutəmizləyici qurğular kompleksi istifadəyə verildi
Xaçmaz, 16 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda sutkalıq məhsuldarlığı 60 min kubmetr olan tullantı sutəmizləyici qurğular kompleksi istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Gülalan kəndi ərazisində inşa olunan bu qurğuda Xaçmaz şəhəri ilə yanaşı, Quba və Qusar şəhərlərinin, həmçinin “Şahdağ” Turizm Mərkəzinin tullantı suları təmizlənib kənarlaşdırılacaq.
Qurğular kompleksi Azərbaycan Hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində inşa olunub.
Açılış mərasimində “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov, Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev iştirak ediblər.
On hektar ərazini əhatə edən layihəyə əsasən, qurğu kompleksində durultma hovuzları, barmaqlıqlar, qumtucu və yağayırıcı kameralar, bio-fosfor, çökdürücü və təmizlənmiş suyun saxlanılması üçün çənlər, nasos stansiyaları, filtrlər, ultrabənövşəyi dezinfeksiya və digər sistemlər quraşdırılıb. Tullantı sutəmizləyici qurğu kompleksində inzibati bina, kompressor, transformator və digər yardımçı tikililər inşa edilib.
Çirkab suların sutəmizləyici qurğuya axıdılması üçün min metr, təmizlənmiş suyun isə qurğudan Qudyalçay hövzəsinə axıdılması üçün 1800 metrlik, diametri 1400 millimetr olan su şəbəkəsi çəkilib.
Bundan əvvəl Quba, Qusar, Xaçmaz şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi tam başa çatıb. Bu şəhərlərin sakinləri fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunub. İstifadə olunmuş suların kənarlaşdırılması məqsədilə kanalizasiya kollektoru, müxtəlif diametrli təzyiqli çirkab su xətləri çəkilib.